Baroş qovur, Eto və Vilya qaçır
22.04.2009 - 15:16
Baroş qovur, Eto və Vilya qaçır
Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Milan Baroş ölkə çempionatında vurduğu 19 qolla Avropanın ən məhsuldar oyunçuları sırasına düşüb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı çexiyalı qitə ölkələrinin güclülər dəstəsində ən çox qol vuran 10 futbolçu arasındadır. Siyahıya isə İspaniya çempionatında top qovan oyunçular başçılıq edirlər. “Barselona”nın kamerunlu hücumçusu Samuel Eto 26, “Valensiya”nın ispan futbolçusu David Vilya isə 23 top vurub. İlk “üçlüy”ü Almaniyanın “Volfsburq” klubunda çıxış edən Qrafite qapayır – 22 qol.

Komandasına verdiyi fayda baxımında isə Baroş Samuel və Qrafiteni də arxada qoyub. “Qalatasaray”ın vurduğu 50 qolun 19-na, yəni 38 faizinə imza atan çexiyalı bu göstəricidə üçüncü nəticəyə malikdir. “Valensiya”nın 58 topdan 23-nün müəllifi olan Vilya Milanı cəmi 1 faiz qabaqlayır. Komandasının qollarının yarısına imza atmaqla daha yüksək göstəriciyə malik Giqnaç isə zirvədə yer alıb. Fransanın “Tuluza” komandasının 38 qolundan 19-u məhz bu futbolçunun hesabındadır.

Qeyd edək ki, Azərbaycan çempionatında hamıdan çox qol vuran futbolçu “İnter”in hücumçusu Valter Quqlemondur. Uruqvaylı futbolçu komandasının 42 qolundan 1/3-nə - 14-nə imza atıb.
0