Azərbaycan milli komandasına 1 həftədə 3 oyun lazımdırmı? SORĞU
22.04.2009 - 23:00
Azərbaycan milli komandasına 1 həftədə 3 oyun lazımdırmı? SORĞU
Futbol üzrə Azərbaycan milli komandası bu ilin iyunun ilk ongünlüyündə ciddi sınaq qarşısında qalacaq. Apasport.az saytının məlumatına görə, iyunun 2-də Kayseridə Türkiyə yığmasının qonağı olacaq Berti Foqtsun komandası 4 gün sonra Uelsi, iyunun 9-da İspaniyanı qəbul edəcək. Son Avropa çempionu İspaniya və qitə birinciliyinin bürünc mükafatçısı Türkiyə ilə qarşılaşma yoldaşlıq görüşü olsa da, britaniyalılarla matç 2010-cu il dünya çempionatının seçmə oyunu olacaq.

Sözsüz ki, Avropa çempionatının mükafatçıları ilə oynamaq çox yaxşı haldır. Ancaq digər tərəfdən, futbolçularımızın bir həftə ərzində keçirəcəyi üç görüşdə fiziki cəhətdən nə qədər tab gətirməsi həm maraq doğuran, həm də qayğılandırıcı məqamdır. Özü də rəqiblərimiz nəinki Avropanın, dünyanın ən güclü yığmalarından sayılır.

Fiziki hazırlığı qabartmağımız təsadüfi deyil. Çünki bu, futbolçularımız üçün ciddi problem olub və Foqts da xeyli müddət fiziki hazırlıqdan narazı qalıb. Bundan əlavə, seçmə mərhələ zamanı qoşa oyunlar bizim üçün həmişə arzuolunmaz olub. Çünki 4 günə iki rəsmi oyun keçirmək ağır olduğundan, qoşa görüşlərdən qaçmağa çalışmışıq.

Düzdür, milli komandamızın 17 illik tarixində bundan da az müddətdə, 3-4 günə oyunu olub. Ən görünməmiş hal isə 1992-ci ildə ardıcıl 3 gündə üç matç keçirməyimizdir. Maraqlıdır ki, həmin vaxt da oyunlar iyunun əvvəlinə təsadüf edib. Ancaq məsələ ondadır ki, İranın paytaxtı Tehranda keçirilən EKO turnirində rəqiblər Orta Asiyanın zəif təmsilçiləri Tacikistan və Qırğızıstan olub. Azərbaycana qarşı isə Qazaxıstanın əsas yox, 21 yaşlılardan ibarət yığması oynayıb. Əvvəllər rəqib tapmaqda çətinlik çəkən milli komandamız qısa müddətdə üç oyunu daha çox zəiflərlə beynəlxalq turnirlərdə, yaxud yoldaşlıq görüşü səviyyəsində keçirib. İlk dəfədir ki, yığmamızın qısa zamanda keçirdiyi üç matçdan biri rəsmi xarakter daşıyır.

Əslində, milli üzvlərini tez-tez təlim-məşq toplanışına yığaraq daha çox fiziki hazırlığa diqqət yetirən Foqts komandanı elə bu il 10 gün ərzində üç oyuna çıxarıb. Ancaq fərq ondadır ki, fevralın 1-də Özbəkistan (1:1) və 11-də Küveytlə (1:1) oyunların arasında, fevralın 7-də Çexiya çempionu “Slaviya” (0:2) ilə görüşmüşük.

Maraqlıdır, mütəxəssislər bu haqda nə düşünür? Milli komandamızın bir həftəyə üç oyun keçirməsi fiziki hazırlıq baxımdan problem olmayacaq ki?

Ağasəlim Mircavadov (Azərbaycan milli komandasının sabiq baş məşqçisi):
“Əlbəttə, milli komandamızın bir həftəyə 3 oyun keçirməsi fiziki cəhətdən problem yaradacaq. Məlum məsələdir ki, Türkiyə ilə iyunun 2-də yoldaşlıq görüşü əvvəlcədən razılaşdırılmışdı və bu matç ayın 6-da Uelslə oyuna son məşğələdir. Bu, həm taktika, həm də futbolçu seçimi, heyətin müəyyənləşdirilməsi ilə bağlıdır. Aydın məsələdir ki, Uelslə matç rəsmi xarakter daşıyır və oynamalıyıq. Özü də təkcə bununla kifayətlənməyib, qələbə qazanmaq lazımdır. İyunun 9-da İspaniya ilə yoldaşlıq görüşünün bizə nə verəcəyi haqda isə mənə çox sual verirlər. Sözsüz ki, belə bir yığma komanda ilə oynamaq yaxşı haldır. Öz səhvlərini, zəif cəhətlərini məhz güclü rəqiblərlə görüşlərdə görə bilirsən. İspaniya ilə görüşün nəyə hazırlıq dövrü olması da vacib məsələdir. Bu görüş reklam, Azərbaycanın, onun futbolunun tanınması baxımdan əhəmiyyətlidir. Yoxlama oyunu keçirməyin də vaxtı var. İspaniyanın bura hansı heyəti gətirəcəyi da əsas məsələdir. Yəqin ki, bizimlə görüşdən az sonra başlayacaq Konfederasiyalar Kubokunda iştirak edəcəyini nəzərə alaraq, həmin tarixdə oynamaq istəyiblər. Sözsüz ki, son Avropa çempionlarına qarşı oynamaq futbolçularımız üçün böyük stimul olmalıdır. İnşallah, 6-da Uels üzərində qələbə qazanaraq, ispanlarla görüşə xoş əhval-ruhiyyədə çıxmaq olar. Fiziki baxımdan problemin qarşısını almağın da yolları var. Türkiyə və İspaniya ilə görüşlər yoldaşlıq xarakteri daşıdığından, rəsmi oyunda olduğu kimi 3 yox, 5-6 əvəzetmədən istifadə etmək olar. Yığma rəhbərliyi bu məsələni əvvəldən razılaşdırıb, problemi həll edə bilər. Yığma futbolçularımızda fiziki hazırlıq planında irəliləyiş olsa da, taktiki cəhətdən aşağı səviyyədəyik. Halbuki, əvvəllər vəziyyət əksinə idi. İndi isə fiziki yox, taktika baxımdan axsayırıq. Bu planda çoxlarına uduzuruq. Taktiki hazırlıqda topu saxlamaq, hücum etmək yönündə ciddi problemlərimiz var. Yəni əsas məsələ ağıllı oyunun olmasıdır. Elə klublarımız da indi daha çox fiziki hazırlığa diqqət yetirir. Taktikaya diqqət yetirməsək, çox şeyi itirə bilərik”.

Valentin Xodukin, son Azərbaycan çempionu olan Bakının “İnter” klubunun baş məşqçisi:
“Həyatda elə şeylər var ki, nəyəsə görə nəyisə qurban vermək lazımdır. Bunu futbol həyatına da şamil etmək olar. Komandamızın qışda təlim-məşq zamanı “Tom”la “Rostov” klubları arasında Moskva “Lokomotiv”i ilə oyun keçirmək variantı yaranmışdı. Bu zaman istirahətə çox az vaxt qalır və artıq 2 gündən sonra oynamaq lazım gəlir. Ancaq rəqib “Lokomotiv” olduğundan, hər şeyin üstündən xətt çəkirik. Çünki belə komanda ilə görüşmək xoşbəxtçiliyi hər dəfə nəsib olmur və problemləri digər vasitələrlə kompensasiya edirik. İndi də eyni vəziyyət Azərbaycan milli komandası ilə bağlıdır. İspaniya kimi yığmaya qarşı oynamaq böyük xoşbəxtçilikdir. Azərbaycanlı futbolçu son Avropa çempionları ilə görüşdə qitə çempionatının final mərhələsində səviyyəni yaxşı görə biləcəklər. Belə oyuna görə bütün çətinlikləri, o cümlədən fiziki hazırlıq baxımdan problemləri kompensasiya etməyə dəyər. Açığı, indi məni fiziki hazırlıqdan daha çox başqa şeylər qayğılandırır. Yığma üzvləri bu oyuna haradasa mayın 25-dən iyunun 10-a kimi millinin düşərgəsində olacaq. Avrokuboklara çıxan komandalar isə iyunun 10-dan bu oyunların hazırlığına başlayacaq. Bu isə o deməkdir ki, başqa futbolçular dincələcəyi halda, milli üzvləri bu imkandan məhrum olacaq. Yığmanın hazırlığından sonra avrokuboklara hazırlıq, ağır qrafik futbolçular üçün böyük çətinlik yaradacaq. Biz hələ bilmirik, qitə miqyaslı turnirə vəsiqə qazanacağıq, yoxsa yox? Ölkə kubokunun qalibi yeni mövsümdən Avropa Liqası adlanacaq UEFA kubokunda ilkin mərhələdən azaddır. Çempionlar Liqasında yeni mövsüm iyulun ortasında start götürəcək. 2-ci yeri tutub, UEFA kubokuna çıxan komandanın artıq iyulun 2-də mübarizəyə başlayır. Deməli, həmin turnirdə çıxış etsək, milli üzvlərimizin istirahətə heç vaxtı qalmayacaq. Göründüyü kimi, həm maraqlı, həm də narahatçılıq doğuran məqamlar var. Bütün bunlar isə yığma və klub məşqçiləri arasında müzakirə edilməli, onların bizdən nə istəməyi, nəyə diqqət yetirməli olmağımız müəyyənləşməlidir. Özü də bu, elə-belə söhbət yox, keçirilməli olan görüşün mövzusu olmalıdır”.

Vaqif Sadıqov, Azərbaycan milli komandasının sabiq baş məşqçisi:
“Bir həftəyə keçiriləcək bu üç oyun ayrı-ayrı məqsəd daşıyır. Bizim üçün önəmli iyunun 6-da Uels yığması ilə Bakıdakı rəsmi oyun olacaq. Türkiyə yığması ilə yoldaşlıq görüşü həmin matça son hazırlıq xarakteri daşıyacaq. Matç keçiriləcək Kayseri şəhərində Uelslə oyunun modeli sınanacaq. Sizi inandırım ki, Türkiyə ilə matçda milli komandamızın baş məşqçisi Berti Foqts bütün futbolçulara şans verəcək, əsas heyət, ehtiyat qüvvəni müəyyənləşdirəcək. İspaniya ilə yoldaşlıq görüşü isə tam fərqli xarakter daşıyır. Burada Foqts bütün namizədlərə son Avropa çempionları ilə oyunda özünü göstərmək yaradacaq. İspanlarla matç daha çox nüfuz, imic baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, fiziki baxımdan ciddi problem olmamalıdır. Düzdür, əvvəllər, yığmanı çalışdırdığım vaxtda da qısa müddətdə üç oyun keçirsək də, indiki vəziyyətə tamamilə fərqli yanaşma olmalıdır. Həmin vaxt turnirlərdə, daha çox postsovet məkanı, elə də güclü olmayan yığmalarla qarşılaşırdıq. Hazırda isə İspaniya, Türkiyə yığmasında səviyyəsində rəqiblərlə qüvvəmizi sınamaq imkanı qazanırıq. Hesab edirəm ki, bu, çox yaxşı haldır və AFFA rəhbərliyinin apardığı məqsədyönlü siyasətə dəstək olmalıyıq. İşini planlı şəkildə görən milli komandamıza uğurlar diləyirik”.
0