“Neftçi”nin sabiq baş məşqçisi: Arşavini mən kəşf etmişəm
23.04.2009 - 11:38
“Neftçi”nin sabiq baş məşqçisi: Arşavini mən kəşf etmişəm
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının hücumçusu Andrey Arşavinin İngiltərə Premyer Liqasında pokerə etməsi “Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjelanın da gündəmə gəlməsinə səbəb olub. Apasport.az saytının məlumatına görə, əvvəllər 27 yaşlı hücumçu ilə birlikdə “Zenit”in uğurları üçün çalışan 56 yaşlı mütəxəssis hazırda “Arsenal”ın şərəfini qoruyan Andreyin “Liverpul”la oyunda 4 qol vurmasına münasibət bildirib. Petrjela bu görüşdə baş verənləri fantastikaya bənzədib: “Təbii ki, qarşılaşmanı izləmişəm. Arşavinin sonuncu qolu fantastik idi. Yaxşı texnikaya və sürətə malik oyunçudur. Arşavin topu özündə saxlayan futbolçulardan deyil. Əksinə, ola bilər ki, Andrey meydanda görünməsin və birdən peyda olub sözünü desin”.

Arşavinin “Arsenal”a keçidinin Rusiya təmsilçisi üçün böyük itki olduğunu bildirən Petrjelanın fikirlərincə, hücumçu əvəzolunmaz simalardandır: “Arşavin ardıcıl üç il Rusiyanın ən yaxşısı seçilib. İnanıram ki, Premyer Liqada da ən yaxşı olmağa çalışacaq. Mən Sankt-Peterburqa gələndə Andrey “Zenit”in əsas heyətində yer yox idi. Həm də gənc futbolçu yarımmüdafiədə oynayırdı. Mən də ilk üç oyunda Arşavini ehtiyat oyunçular skamyasında saxladım. Sonra onun ikinci hücumçu kimi daha faydalı olacağını fikirləşdim. Ön xətdəki oyunçunun arxasında oynatmağa başladım. Bundan sonra Andrey həmişə və fantastik oynadı”.

Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından dekabrınadək “Neftçi”nin baş məşqçisi olub.
0