“Simurq” “qanadını” itirdi
23.04.2009 - 13:44
“Simurq” “qanadını” itirdi
Azərbaycan Premyer Liqasının XXIII turunda Bakının “Standard” klubunu qəbul edəcək “Simurq” daha bir futbolçusunu itirib. Apasport.az saytının məlumatına görə, zədə səbəbindən uzun müddətə sıradan çıxan Ramin Nəsibov, Qriqol Dolidze və Elşən Məmmədovun ardından Sergey Sokolovla David Bolkvadze də məşqlərdən kənar qalıb.

"Olimpik"lə Premyer Liqanın ötən turundakı görüşündə qasıq nahiyəsində ağrılar hiss edən Sergey və məşqdə xəsarət alan Davidın aprelin 25-də "Standard"la oyunda meydana çıxa bilməyəcəyi dəqiqdir. Artıq komandanın ən məhsuldar futbolçusu Vladimir Mazyar da onlara qoşulub. Lakin məşqdə dizində olan köhnə zədəsini təzələyən ukraynalı hücumçunun qarşıdakı matçda oynayıb-oynamayacağı sual altındadır.

Qeyd edək ki, Mazyar cari mövsüm Premyer Liqada vurduğu qolların sayına görə 4-cü yerdə qərarlaşıb. Hesabında 10 top olan ukraynalı bombardirlər yarışında 14 qol vuran Valter Quqlemon (“İnter”), 13 dəfə fərqlənən İvan Svetkov (“Xəzər-Lənkəran”) və rəqib qapılarından 11 top keçirən Amiran Muciridən (“Bakı”) geri qalır.
0