Visente del Boske: Azərbaycana qalib heyətlə gedəcəyik
23.04.2009 - 23:32
Visente del Boske: Azərbaycana qalib heyətlə gedəcəyik
“Bizdən əvvəl Avropa çempionu olan Danimarka və Yunanıstan yığmaları tez unuduldu. Amma biz uğurumuzun davamlı olmasını istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.

İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda yoxlama oyunu keçirəcək pireneylilər bununla da Konfederasiyalar Kubokuna hazırlığı başa vuracaqlar. Boske CAR-da təşkil olunacaq bu turnirdə qələbə qazanmaq iqtidarında olan heyətlə Bakıya gələcəklərini bildirib: “Bu səbəbdən də Konfederasiyalar Kuboku bizim üçün böyük əhəmiyyət kəsb edir. Biz ora ispaniyalılardakı qələbə eyforiyasına son qoymaq üçün getmirik. Buna görə də həmin turnirin qalibi ola biləcək heyəti yığacağıq. Hazırlığımızı iyunun 5-də Madriddə başlayıb, iki gün sonra yoldaşlıq oyunu keçirmək üçün Azərbaycana yollanacağıq. Qafqaz təmsilçisi ilə iyunun 9-da baş tutacaq görüşdən sonra birbaşa CAR-a gedəcəyik ki, orada debüt matçımız iyunun 14-də Rustenburq şəhərində olacaq”.

Boske yığmanın sabiq və indiki liderləri haqda da danışıb. İspan mütəxəssis Madrid “Real”ının əfsanəsi Raulun yığmaya qayıdışının Bakıda gerçəkləşəcəyinə inanmır: “Raulun bu səfər zamanı yenidən yığmada yer alması, təkcə idman prinsiplərindən asılı deyil. Onun İspaniya futbolundakı xidmətləri şübhə doğurmur və miliyə ziyan gətirəcəyini də düşünmürəm. İniyestaya gəlincə, o, əsl nümunədir. İnsan kimi çox yaxşı xüsusiyyətləri var. Ümid edirik ki, bizim səfərə yollanan heyətdə yer alacaq. İnyesta nizam-intizamlı və universal futbolçudur.”
0