“Xaqani Məmmədovu səmimi qəlbdən təbrik edirəm”
23.04.2009 - 23:17
“Xaqani Məmmədovu səmimi qəlbdən təbrik edirəm”
“Aprelin sonunadək dincəlmək fikrindəyəm. Mayda isə yenidən məşqlərə başlayacağam. Cəzamın nə vaxt ləğv olunacağını bilmirəm. Son vaxtlar AFFA-ya getməmişəm, mənimlə əlaqə saxlayan da yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev deyib.

Artıq bir aydır məcburi istirahət edən 35 yaşlı beynəlxalq dərəcəli hakimi onunla birlikdə İsveçrəyə getməli olan gənc həmkarı Orxan Məmmədova görə də heyfsilənir: “Orxan da UEFA-nın istedadlı hakimlər qrupundan çıxarıldı. Biz mayın sonunda Mançesterdə keçiriləcək 19 yaşlı yığma komandalar arasında Avropa çempionatın elit raundunda hakimlik etməli idik. AFFA qitə futbol qurumuna göndərdiyi məktubda cəzalandırıldığımı göstərdi. UEFA isə hər ikimizi istedadlı hakimlər qrupundan çıxardı. Qitə futbol qurumu bildirib ki, əsas hakimlə yanaşı, onun köməkçisini də kənarlaşdıracağıq”.

Quliyev Məmmədovun da eyni aqibətlə üzləşməsinə belə izah verib: “Orxan gənc, perspektivli hakimdir və UEFA bizim tandem yaratmağımızı istəyirdi. Ancaq Xaqani Məmmədovun başçılıq etdiyi Hakimlər Komitəsinin məni cəzalandırması ilə vəziyyət dəyişdi. Yoxluğumda Orxanın da İngiltərədə idarəçiliyi mümkün olmayacaq. Biz UEFA-nın Nyon şəhərində istedadlı hakimlər üçün təşkil etdiyi seminarında da iştirak edə bilməyəcəyik. Bütün bunlara görə, Xaqani Məmmədovu səmimi qəlbdən təbrik edirəm”.

Azərbaycanlı hakimlərin təyinatını ləğv edən UEFA bunu başqa ölkənin təmsilçisi ilə əvəzləyəcək. Quliyev onu Mançesterdəki turnirdə həmyerlisinin əvəzləməsini istəsə də, bunu mümkün saymır: “Hər turnirin öz səviyyəsi var və buna uyğun hakimlər idarəçilik edir. 19 yaşlı yığmaların həmin yarışına 3-cü kateqoriyadan olan hakimlər təyin olunur. Xatırlayırsınızsa, Fariz Yusifovun ingilis dili ilə bağlı problemi yarananda, onun əvəzinə Vüsal Əliyevi göndərmişdilər. Hər iki FİFA hakimimiz 4-cü kateqoriyada yer alması məni əvəzləməyə imkan vermir. Nə qədər ki, AFFA cəzamı ləğv etməyib, UEFA-ya göndərdiyi məktub qüvvədədir, mənə beynəlxalq oyunlara təyinat gəlməyəcək. Bununla da ilin sonuna kimi FİFA referisi dərəcəsini simvolik olaraq daşıyacağam. 3-cü kateqoriyada qalmağım da sual altındadır. AFFA gələn ili üçün FİFA referiləri ilə bağlı siyahını sentyabrda dünya ali futbol qurumuna göndərəcək. Həmin vaxt adımı çıxarıb, yerimə başqasını salarlar. O da Azərbaycanı beynəlxalq miqyasda yaxşı təmsil edər”.

Qeyd edək ki, Babək Quliyev Hakimlərin Nizam-İntizam Məcəlləsini pozduğuna görə qeyri-müəyyən müddətə hakimlikdən kənarlaşdırılıb.
0