“Neftçi”nin sabiq futbolçusu “Dinamo”da
24.04.2009 - 10:14
“Neftçi”nin sabiq futbolçusu “Dinamo”da
İkiqat Azərbaycan çempionu Valeri Abramidze özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı gürcü müdafiəçi karyerasını Rusiya çempionatının ikinci divizionunda çıxış edən Barnaulun “Dinamo” klubunda davam etdirəcək. Yeni mövsüm üçün iştirak ərizəsini təqdim edən “Dinamo” sifariş etdiyi 24 futbolçu arasında Abramidze ilə yanaşı, onun həmyerlisi Mixail Aşvetiyanı da göstərib. Hər iki futbolçu ötən mövsüm birinci divizionda Mahaçqala “Anji”sində oynayıb və birlikdə komandanı tərk ediblər. Rusiya çempionatının ikinci divizionunda çıxış etmək üçün bu ölkənin vətəndaşlığını daşımaq vacibdir. Karyerasının böyük hissəsi Rusiya ilə bağlı olan, Moskva “Spartak”ı, “Ximki” klubunda çıxış etmiş Valeri həmin vaxtdan ikili vətəndaşlığa malikdir.

Ölkəmizdə də iki il (2005 - 2007-ci illərdə) forma geyinmiş Abramidze “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində ölkə çempionluğunu qazanıb. Müdafiəçi flaqmanla, həmçinin bürünc medal, Lənkəran təmsilçisi ilə ölkə kubokunu da əldə edib.
0