Arda Turanın dopinqdən istifadə etməsi xəbərini FİFA-ya “fənər”lilər ötürübmüş
24.04.2009 - 12:30
Arda Turanın dopinqdən istifadə etməsi xəbərini FİFA-ya “fənər”lilər ötürübmüş
“Fənərbaxça” klubunun çoxsaylı müraciətlərindən sonra FİFA “Qalatasaray”ın futbolçusu Arda Turanın dopinqdən istifadə edib-etmədiyini araşdırmağa başlayıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər 2008-ci il oktyabrın 5-də Bursada baş tutmuş matçda meydana çıxmaq üçün kortizon preparatından yararlanan Arda Turanla bağlı FİFA-ya şikayət edib. Qurumun internet ünvanına xeyli məktub göndərən “fənər”lilər “dopinq”dən yararlanan milli oyunçunun cəzalanmasına çalışırlar. Bu şikayətləri nəzərə alan FİFA məsələni araşdırmağı hüquq komitəsinə həvalə edib. Bunun üçün qurumun tibbi komissiyasının məlumatlandırılması da lazımsız bilinib. Hərçənd Türkiyə federasiyası məhz onların icazəsi ilə Ardaya kortizon iynəsinin vurulmağına müsbət cavab verib.

“Bursaspor” – “Qalatasaray” oyunundan sonra keçirilən dopinq-testdə Ardanın əməlinin üstü açılmış, federasiyanın icazəsinin olmağı isə işin bağlanmasına səbəb olmuşdu. Lakin bu, “Fənərbaxça” azarkeşlərini qəzəbinə tuş gəlmişdi. Artıq iki aydır davam edən araşdırmalar Türkiyə tərəfini narahat etməyə başlayıb. Ölkənin antidopinq komitəsinin rəhbəri Turqay Atasü aranı qarışdıran “fənər”lilərin əlindən əsəbiləşib: “Başımıza iş açdılar. Əslində, burada qanunsuz bir şey yoxdur. Arda milli oyunçusu olduğu üçün FİFA-nı məlumatlandırmışdıq. Onlar isə əvvəl icazə verir sonra isə dindirməyə başlayır”.

Qeyd edək ki, “Bursaspor”la görüşdə Ardanın icazəli şəkildə dopinqdən istifadə etməsi də “Qalatasaray”a kömək etməmiş və meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdi.
0