“Xəzər-Lənkəran” üçün yeni taktika
24.04.2009 - 14:54
“Xəzər-Lənkəran” üçün yeni taktika
“İnter”lə oyunda bizə problem yaradacaq yeganə məqam süni ot örtüyü ola bilər. Düzdür, son günlərdə “Neftçi”nin keçmiş bazasında məşq edirdik. Buna görə bazanın rəhbəri Oqtay Abdullayevə minnətdaram. Bundan sonra məşqlərimizi “Şəfa” stadionunda keçiririk”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində sabah “Şəfa”da lider “İnter”in qonağı olacaq Lənkəran komandasının təcrübəli çalışdırıcısı qayğılıdır: “Uyğunlaşma üçün daha çox vaxt olmasını istərdik. Ancaq başqa çıxış yolumuz yoxdur və qısa müddətdə ot örtüyünə uyğunlaşmalı olacağıq. Məlum olduğu kimi, süni ot örtüyündə oyun başqa cür keçir. Bu, həm topun sıçrayışı, həm də gücün bölünməsi ilə bağlıdır”.

Ponomaryov oyunların sıx qrafiki barədə də aciz olduqlarını gizlətməyib: “Hər halda, təqvimi biz seçmirik. Futbolda bütün vəziyyətə öyrəşmək lazımdır. Bir də ki, indiki matçlar ilk dövrənin əvvəlindəki oyunlardan fərqlənir. Elə ən yaxşısı budur. Belə yolla hansısa sabitlik yaranır. Futbolçular bilirlər ki, bir neçə ağır oyun sıralanacaq və heç kim arxayınlaşmırlar. Asan oyunlar zamanı isə motivasiya tez itir”.

“Xəzər-Lənkəran”ın baş məşqçisi ötən turda evdə böyük hesabla məğlub etdikləri (3:0) “Bakı” ilə son çempion “İnter”i müqayisə edib: “Əlbəttə, bu dəfə meydana “Bakı” ilə oyundan fərqli taktikada çıxacağıq. Çünki “Bakı” 4-3-3 sxeminə uyğun oynadığı halda, “İnter”də daha çox 4-4-2 düzülüşünə üstünlük verir. Bundan əlavə, “Bakı” əsasən mərkəz zonaya bel bağlayır ki, orada çıxış edən güclü yarımmüdafiəçilər böyük rol oynayırlar. Burada Amiran Muciri ilə Georgi Adamiya uğurla çıxış edirdilər. Əsasən cinahlara üstünlük verən “İnter” əks-hücumlarda təhlükəli oynaya, təhlükəli cinah ötürmələri edə bilər”.

“İnter”in heyətində legionerləri fərqləndirən Ponomaryov əsas diqqətçəkən futbolçu kimi uruqvaylı hücumçu Valter Quqlemonu göstərib: “O, fiziki cəhətdən çox güclüdür. Son vaxtlar oyunu yaxşı alınan Quqlemon bombardirlər yarışına başçılıq edir. Elə Avqusto Andaveris də təhlükəlidir, çox fəaldır. Əgər orta xətti götürsək, onda mütləq latviyalı Andrey Rubini fərqləndirməliyik. Mən “İnter”in son oyunlarına baxmışam və bunların hamısında Rubin çox səviyyəli oynayıb”.

Mənbə: extratime.az
0