Maradona: Azərbaycan yığması ilə oynamaq istəyirik
24.04.2009 - 14:57
Maradona: Azərbaycan yığması ilə oynamaq istəyirik
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona yenə maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Apasport.az saytının məlumatına görə, dünya futbolunun canlı əfsanəsi yetirmələrinin Azərbaycan yığması ilə oyunda üz-üzə gəlməsini istəyir. O, bunu vətənində nəşr olunan qəzetlərdən birinə verdiyi müsahibəsində deyib.

- Dünya çempionatının qarşıdakı seçmə oyunları arasında komandanız yoxlama oyunu keçirəcək?
- La-Pasda başımıza gələnlər komandamı dəyərdən salıb. Boliviyadakı 1:6 hesablı məğlubiyyətdən sonra heç kim bizimlə qarşılaşmaq istəmir. Hərçənd, iyunda Kolumbiya və Ekvadorla keçirəcəyimiz matçlar ərəfəsində yoxlama oyunu planlaşdırmışıq.

- Belə çıxır ki, Argentina yığması sınaqçı rəqibsiz qalıb…
- Əvvəlcə, Paraqvay bizimlə oynamaqdan imtina etdi. Ardınca Meksika, indi isə Kosta-Rika yoxlama görüşü keçirmək istəmədiyini bildirdi. Hazırda Argentina Futbol Assosiasiyası qüvvəmizi sınamaq üçün zəif yığma axtarır ki, onlar arasında Farer adaları, Moldova, Azərbaycan və Anqola var. Təbii ki, onlar Argentina yığmasına “hə” deyəcək.

- Həmin komandalarda da imtina etsə necə olacaq?
- Əgər belə olarsa, onda Argentina çempionatında çıxış edən ulduz futbolçularla millinin oyununu keçirəcəyik.

Qeyd edək ki, iyunun 6-da Kolumbiya ilə evdə, 9-da isə Ekvadorla səfərdə dünya çempionatının seçmə oyununda görüşəcək Argentina yığması bu məsul matçlar öncəsi yalnız bir yoldaşlıq görüşü ilə bağlı razılığa gəlib. İkiqat dünya çempionları mayın 20-də Montevideoda Uruqvayın qonağı olacaq ki, yerli federasiya bundan sonra seçmə matçlaradək olan müddət üçün rəqib axtarışındadır.
0