“Bəxtiyar müdafiədə, mən isə hücumda oynadığımdan, onu aldatmağa çalışacağam” - MÜSAHİBƏ
24.04.2009 - 16:58
“Bəxtiyar müdafiədə, mən isə hücumda oynadığımdan, onu aldatmağa çalışacağam” - MÜSAHİBƏ
Salyanın “Muğan“ klubunun baş məşqçisi Nadir Qasımovun apasport.az saytına müsahibəsi

- Keçmiş komandanız “Bakılı” ilə matça hazırlıq necə gedir?
- Necə olacaq? Heç kimin tanımadığı bir futbolçu - Əli İsmayılov məni “İnter”ə oyun satmaqda günahlandırır. Son vaxtlar hiss edirdim ki, komanda daxilində nəsə baş verir. Futbolçuların bir-birinə qarşı münasibətində problemlərin, narazılıqların olduğu görünürdü. Mən də lazımsız söz-söhbətlərə son qoymaq üçün onları bazamızdakı akt zalına yığdım. Dedim ki, gəlin, bir ailə kimi söhbət edək. Ola bilsin ki, kimlərsə kənardan nifaq salmaq istəyir. Ürəyinizdə nələr varsa, saxlamayın, boşaldın. Futbolçuları bir ata, böyük qardaş, nəhayət, məşqçi kimi başa salmağa çalışdım. Bir-birimə sözümüzü dedik.

- Komandadan kənarlaşdırdığınız Elnur Abbasov və Əli İsmayılovla aranızda problem olub?
- Bilirsiniz, futbolçular komandadan çıxarılandan sonra açıqlama verib özlərini təmizə çıxartmaq istəyirlər. Niyə bunu komandanın daxilində olanda demirdilər? Onlar təmiz futbolçular olub, içki içməyiblər. Onlara böhtan ata bilmərəm. Sadəcə, Əlinin nizam-intizamla bağlı problemləri var idi. Elə olurdu ki, həftələrlə məşqlərə gəlmirdi. Bir dəfə gəlib dedi ki, anam ağır xəstədir, onu Gürcüstana aparıram. Dedim ki, problem yoxdur, get. İnsanıq da, hər bir adamın problemi var, onu başa düşdüm. İcazə verdim və hər hansı cəriməyə məruz qoymadıq. Sonra da gəlib dedi ki, məni toya çağırıblar, icazə verin, gedim. Bilirsiniz, insanı toya çağıranda, pul da göndərmək olar. Futbolçu komandada olmalıdır. Onun işi oyuna hazırlaşmaq, meydana çıxmaq futbol nümayiş etdirməkdir. Bütün bunlar damla-damla yığılırdı.

- Bəs kulminasiya nöqtəsi nə vaxt oldu?
- “Karvan”a 1:3 hesabı ilə uduzduğumuz görüşdən sonra. Adətən uduzduğumuz görüşdən sonra paltardəyişmə otağına girmirəm. Uğursuz oyundan sonra istər-istəməz gərginlik olur. Hər şeyin vaxtı var və kənarda durmuşdum. İcraçı-direktorumuz Füzuli Əliyev paltardəyişmə otağına daxil olaraq, zəif oyunun, 12 dəqiqəyə üç qol buraxılmasının səbəbi ilə maraqlanıb. Əlidən soruşub ki, niyə rəqib səni asanlıqla keçirdi. Ona söyüşlə cavab qaytarılıb. Mən də otağa girib Əliyevi kənara çəkdim. Ona dedim ki, bu iki futbolçunun komandadan çıxarılması ilə bağlı sizə rəsmi müraciət edəcəyəm. Elə də etdim və Elnurla Əlini “Muğan”dan kənarlaşdırdıq.

- Futbolçu kimi, onlara əsas iradınız nə idi?
- Bilirsiniz, onların bacarığı budur. Bu, onlar üçün maksimum həddir və bu səviyyədən yuxarı yüksələ bilməzlər. Komandaya transfer olunan futbolçuların səviyyəsi ilə kifayətlənməli oluruq. Sadəcə, haqqımda belə sözlər demək... Guya kimi məşq keçməkdə, fikirlərimi çatdırmaqda, təhlil etməkdə çətinlik çəkirəm. Məşqçilik fəaliyyətimdə nə qədər komandada çalışmışam, məni əməkdaşlığa dəvət ediblər. Ay Əli, məgər həmin klubların rəhbərlərinin ağlı sənin qədər olmayıb? Hisslərini büruzə vermək olar, amma insanı ləkələmək yox. Özü də mətbuat vasitəsilə bunu futbol ictimaiyyətinə çatdırmaq, haqqımda çirkin fikirlər bildirmək yolverilməzdir. İsmayılov mənə böhtan atır.

- İsmayılovu məhkəməyə vermək fikriniz varmı?
- Əlbəttə ki. Artıq hüquqşünas bu işlə məşğuldur. Hazırda Salyandayam və sabahkı vacib oyuna hazırlıq keçirəm. Oyundan sonra Bakıya gəlib, məsələ ilə məşğul olacağam. Futbolçunu dəvət edib, onunla söhbətləşmək fikrindəyəm. “İnter”dən də bir nümayəndə dəvət etmək fikrim var. Desin görüm, mənə pul verən kimdir, kimdən pul almışam. Haqqımda söylədiklərini sübut etsin. Çox şey demək olar, amma bunun arxasında durmaq lazımdır.

- “Bakılı” ilə sınaq Premyer Liqada qalmaq uğrunda mübarizə baxımdan həlledici görüş olacaq. Yaxşı tanıdığınız keçmiş komandanızı məğlub etmək şansını necə qiymətləndirirsiniz?
- Sabah prinsipial oyun olacaq. “Bakılı” elə-belə komanda deyil. Hər ikimiz autsayderlər qrupunda yer aldığımızdan, xal qazanmaq vacibdir. “Bakılı” ilə görüşə ciddi hazırlaşırıq və sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Məqsədimiz üç xal qazanmaqdır.

- Keçmiş komandanız sizdən sonra nə dərəcədə dəyişib?
- “Bakılı” ikinci dövrədə gözlənilmədən “Karvan”ı məğlub etdi. Bu, əsl sensasiyadan xəbər verirdi. Bundan sonra “Bakılı”da irəliləyiş gözlənilsə də, bu, baş vermədi. Komanda elə yerində saydı, irəliyə addım atmadı.

- Şəxsən sizin “Bakılı” ilə matç prinsipial xarakter daşıyır?
- Prinsipiallıq olsa da, bu, o demək deyil ki, kiməsə özümü təsdiqləmək fikrim var. “Bakılı”nın rəhbərliyi, prezident Misir Əbilovla münasibətlərim qaydasındadır. Məni bir neçə dəfə komandasına işləməyə dəvət edib. Peşəkaram və indiki klubumun uğurları üçün çalışıram. “Muğan”da yaxşı hazırlıq üçün yüksək şərait var. Klub rəhbərliyi bizim üçün hər cür qayğı göstərir. Salyanda gözəl infrastruktur yaradılıb, bazamız, stadionumuz var. Premyer Liqada çıxış edən heç də bütün komandalarda belə şərait yoxdur. Bunun olması futbolumuzun inkişafına təkan verəcək. Belə rəhbərliyi, şəraiti olan komanda Premyer Liqada çıxış etməyə layiqdir. Biz də “Muğan”ın yerini qorumasına çalışırıq.

- Siz gedəndən sonra “Bakılı”nı Bəxtiyar Qulamov çalışdırır. Yaxşı tanıdığınız həmkarınızı üstələyə biləcəksiniz?
- Bəxtiyar Qulamov futbolçu karyerasında müdafiəçi olub. Mən isə yarımmüdafiəçi kimi çıxış etmişəm, hücumda da oynamışam. Mən Qulamovu aldatmağa çalışacağam.
0