Azərbaycan yığmasının ispanlarla 700 min avroluq oyunu
24.04.2009 - 17:20
Azərbaycan yığmasının ispanlarla 700 min avroluq oyunu
İspaniya Futbol Federasiyası iyunun 14-də start götürəcək Konfederasiyalar Kubokuna hazırlıq planını açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyunun 9-da Azərbaycanla qarşılaşacaq pireneylilər cəmi 5 gün istirahət edəcəklər. Əksəriyyəti İspaniya çempionatında oynayan yığma üzvləri mayın 31-də bitəcək Primerodan sonra cəmi 5 gün dincələ biləcəklər.

Baş məşqçi Visente del Boske yetirmələrini iyunun 5-də Madriddə bir araya gətirəcək. İki günlük hazırlığın ardından Avropa çempionları Bakıya gələcəklər. Paytaxtımıza 23 ispan futbolçu təşrif buyuracaq. Özü də del Boske Bakıya əsasən qitə çempionları ilə gələcəyini bildirib: “Biz Konfederasiyalar Kubokunu qazanmaq istəyirik. Səfərə Avropa çempionlarından təşkil olunan heyətlə çıxacağıq. Amma 1-2 yeni futbolçunun da komandaya qoşulması istisna deyil”.

Azərbaycanla oyun bitən kimi Bakını tərk edəcək İspaniya yığmasını CAR-a 10 saatlıq uçuş gözləyir. Onlar Konfederasiyalar Kubokunun keçiriləcəyi paytaxt Yohannesburqa çarter reysi ilə yollanacaqlar. Maraqlıdır ki, matçın iyunun 9-da keçirilməsi İspaniyaya xüsusi güzəşt sayəsində mümkün olub. Belə ki, FİFA Konfederasiyalar Kubokunun iştirakçıları üçün yoxlama oyunlarında qüvvəsini sınamaq üçün 2 gün - 6 və 10 iyun tarixlərini təyin edib. Lakin ölkə çempionatı gec bitəcəyindən İspaniya Futbol Federasiyası FİFA-ya müraciət edərək, iyunun 9-da oynamağa razılıq alıb. Bununla da, ispanlar məsul yarış qabağı bir az da çox vaxt qazanmış olacaqlar.

İspaniya mətbuatı yarışdakı əsas rəqiblər Braziliya və İtaliyanın turnir öncəsi iki oyun keçirməsini önə çəkərək, onlardan geri qalmağın pis nəticə verə biləcəyindən çəkinir. Üstəlik, ispan həmkarlarımız dünya reytinqində 140-cı yerdə qərarlaşan Azərbaycanın rəqib seçilməsinə də münasibət bildirib. Onlar iddia edirlər ki, Avropa çempionlarını Bakıya gətirmək üçün AFFA 700 min avro verməli olub. Qazanc məqsədilə keçiriləcək növbəti yoxlama oyununda isə İspaniya avqustun 19-da Makedoniyanın qonağı olacaq.

Məsələ ilə bağlı AFFA-nın da rəsmi mövqeyini öyrəndik. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu apasport.az saytına bildirib ki, ispanlara 700 min avro verilməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: “Sadəcə, ev sahibi qismində qonaqların otel və digər bəzi xərclərini öz üzərimizə götürmüşük. Amma onu da qeyd edək ki, bu oyunda yayım, bilet və reklamdan müəyyən qazanc əldə olunacaq ”.

Mənbə: www.as.com
0