İspanlar Azərbaycandan razı qayıdırlar
24.04.2009 - 18:38
İspanlar Azərbaycandan razı qayıdırlar
İspaniya Futbol Federasiyasının (İFF) Azərbaycana gələn nümayəndələri Bakıda gördüklərindən razı qalıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 9-da Bakıda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu əlaqədar İFF nümayəndələri ölkəmizdə səfərdədirlər. Nümayəndə heyəti Yığma Komandalar Departamentinin meneceri Silviya Dorşnerova Veys və İFF-in səyahət üzrə meneceri Antonio Limones Peresdən ibarətdir. Qonaqlar paytaxtımızda olduğu müddətdə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna baxış keçirib və komandanın məskunlaşacağı otelin seçimi ilə məşğul olub.

Yığma Komandalar Departamentinin meneceri gördüklərindən məmnunluğunu gizlətməyib: “Azərbaycan çox xoşumuza gəldi. Gözəl ölkədir. Stadiona da baxdıq. Yaxşı arenadır. AFFA-nın rəhbərliyinə bu müddətdə bizə kömək etdiklərinə və göstərdikləri yardıma görə təşəkkürümüzü bildiririk”.

Peres isə ona ünvanlanan suallardan yayınaraq bəzi məqamları Visente del Boskenin, digərlərini isə federasiyanın aydınlıq gətirəcəyini bildirib: “Gözəl ölkəniz var. Düzdür, futbolunuz barədə geniş məlumatım yoxdur. Bu haqda baş məşqçidən soruşsanız, daha yaxşı olar. Stadion mənim xoşuma gəldi. O ki qaldı otelə, hələ seçimimizi müəyyənləşdirməmişik. Bu barədə məlumatı daha sonra AFFA-ya göndərəcəyik. Hesab edirəm ki, Azərbaycan millisi ilə oyun Konfederasiyalar Kuboku ərəfəsində İspaniya yığmasına çox xeyir verəcək”.
0