“Qalatasaray” Andrey Şevçenkonu alır
25.04.2009 - 12:55
“Qalatasaray” Andrey Şevçenkonu alır
İngiltərənin “Çelsi” klubuna məxsus olan və icarə əsasında sıralarında yer aldığı “Milan”da da gününü ehtiyat oyunçular skamyasında keçirən Andrey Şevçenko üçün daha bir müştəri tapılıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” Ukrayna futbolunun sönməkdə olan ulduzuna maraq göstərir.

Hücum xəttində ümidləri doğrultmayan Şabani Nonda ilə yollarını mövsümün sonunda ayırmaq niyyətində olan İstanbul təmsilçisi onun yerinə 33 yaşlı Andreyi transfer etmək istəyir. Hətta klub prezidenti Adnan Polat məsələ ilə bağlı məsul şəxslərə transferi həll etmək haqda tapşırıq da verib.

Bir neçə il əvvələdək Avropanın ən yaxşı futbolçuları sırasında yer alan, lakin “Çelsi” və “Milan”dakı ikinci dönəmində uğursuzluq yaşayan Şevçenko bu komandalarda oynamaq ümidini itirdiyindən təkliflər gözləsə də, ümidləri doğrulmur. Belə ki, Kiyev “Dinamo”sundan başqa heç bir klub ukraynalıya maraq göstərmir. Bundan yararlanan “Qalatasaray” “Çelsi” ilə danışıqlara başlayaraq istəyinə çatıb.

Londonlular Türkiyə təmsilçisini qane edən para müqabilində Andreyin transferinə razılıq verib. Keçidin rəsmiləşməsi üçün yalnız oyunçunun razılığı lazımdır ki, istanbullular da artıq onun özüylə danışıqlara start verib. “Qalatasaray” bu transferi gerçəkləşdirəcəyi halda əzəli rəqibi “Fənərbaxça”nın qənimini heyətinə qatmış olacaq. Çünki Andrey bir neçə il əvvəl “Milan”ın heyətində İstanbula gələrək potensial klubunun rəqibinin qapısına dörd cavabsız qol vurmuşdu.
0