Böyükağa Ağayevin seriyasına, “Qarabağ”ın həsrətinə son
27.04.2009 - 11:27
Böyükağa Ağayevin seriyasına, “Qarabağ”ın həsrətinə son
Böyükağa Ağayevin “Neftçi” klubunun baş məşqçisi postunda seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, 62 yaşlı mütəxəssis flaqmanın sükanı arxasında ilk dəfə məğlubiyyət acısı dadıb.

1993-cü ildə keçirilən ikinci milli çempionatda baş məşqçi əvəzi olan Ağayev Sergey Kramarenkonun köməkçisi işləyib. Kramarenko Ağdamın “Qarabağ” klubu ilə Respublika stadionunda keçirilən Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin cavab oyununda hakimi vurduğu üçün ağır cəzaya məruz qalıb. O, bu xoşagəlməz olaydan sonra “Neftçi”dən ayrılaraq, Rusiyaya yollanıb. Həmin vaxt iki oyunda baş məşqçi əvəzi olan Ağayev nəinki uduzmayıb, heç qol da buraxmayıb. “Quru seriya” cari mövsümdə də davam edib və “Turan”la Respublika stadionunda keçirilən qarşılaşmada rəqib futbolçu Asəf Qədiri buna son qoyub.

Ağayevin “Neftçi”də məğlubiyyətsiz oyunlar seriyasına son qoyan qolun müəllifi isə “Qarabağ”ın alban müdafiəçisi Admir Telli olub. Albaniya milli komandasının da şərəfini qoruyan Telli Ağdam klubunu 11 illik həsrətinə qovuşdurub. Məsələ burasındadır ki, “Qarabağ” “Neftçi”yə çempionatda sonuncu qolunu 4012 gün öncə vurub.

“Neftçi”yə ötən yay qayıdan Ağayev ukraynalı həmkarı Anatoli Demyanenkonun köməkçisi idi. Demyanenko cari mövsümdə 4-cü turda “Qəbələ”ni səfərdə 1:0 hesabı ilə məğlub edərək, komanda ilə yollarını ayırdı. Bundan sonra Hans-Yurgen Gede “Neftçi”nin baş məşqçisi təyin edilsə də, milli komandamızda Berti Foqtsun köməkçisi olmuş alman mütəxəssis “Simurq”la Respublika stadionunda keçirilən görüşü tribunadan izlədi. Həmin oyuna komandanı çıxaran Ağayev bu rəqiblə səfərdə keçirilən görüşdə də eyni vəzifəni icra etdi. Buna da səbəb Demyanenko kimi Gedenin də “Qəbələ” ilə görüşdən sonra istefaya göndərilməsi idi.

Səfərdə “Simurq” üzərində inamlı qələbə Ağayevin “Qarabağ”la ölkə kuboku uğrunda cavab görüşündən öncə baş məşqçi təyin edilməsi ilə nəticələndi. Ancaq təcrübəli mütəxəssis yaxşı tanıdığı “Qarabağ”la Respublika stadionunda keçirilən hər iki oyunda uğursuzluğa düçar oldu. Belə ki, ölkə kuboku uğrunda ¼ final mərhələsinin cavab oyununda qolsuz heç-heçə “Neftçi”ni cari mövsümdə avrokuboklara çıxmağa yeganə ümidi qaldığı turnirdən də kənarlaşdırdı. Öz meydanında keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” yarımfinal çıxıb. Ağdamlılar flaqmanı son turda da bu hesabla yendi.

Qeyd edək ki, Ağayev məşqçilik karyerasında ən yaxşı illəri keçirdiyi “Qarabağ”ı 1999-cu ildə İntertoto kubokunda ikinci mərhələyə yüksəldib. Bu, ümumiyyətlə, klublarımızın qitə miqyaslı turnirdə ilk dəfə mərhələ adlaması olub və təcrübəli mütəxəssis futbol tariximizə düşüb. Ağayev məşqçi kimi yeganə titulunu da elə “Qarabağ”da qazanıb. Onun çalışdırdığı komanda 2006-cı ildə ölkə kubokuna yiyələnib. Bu, elə “Qarabağ”ın da hələ ki sonuncu tituludur. Kuboku da nəzərə alsaq, “Neftçi”ni indiyə kimi 11 oyuna çıxaran Ağayev bu görüşlərin 5-də qələbə qazanıb, 5-də heç-heçə edib, 1-də uduzub.


1993
“Turan” – “Neftçi” – 0:0
“Neftçi” – “Kəpəz” – 2:0

2007/08
“Neftçi” – “Simurq” – 0:0
“Simurq” – “Neftçi” – 0:2
“Neftçi” – “Turan” – 1:1
“Muğan” – “Neftçi” – 0:3
“Neftçi” – MOİK – 3:1
“Neftçi” – “Xəzər-Lənkəran” – 2:1
“İnter” – “Neftçi” – 2:2
“Neftçi” – “Qarabağ” – 0:1

Azərbaycan kuboku, 1/4 final mərhələsi, cavab oyunu

“Neftçi” – “Qarabağ” – 0:0
0