Qəhrəman Əliyev: ...MOİK Premyer Liqanı tərk etməzdi
27.04.2009 - 12:21
Qəhrəman Əliyev: ...MOİK Premyer Liqanı tərk etməzdi
“MOİK-də çalışdığım dövrdə iki komanda yaratmalı oldum. Birinci dövrədən sonra heyətdə islahatlar aparıb heyəti yenilədik”. Bu sözləri apasport.az saytına açıqlamasında MOİK-in baş məşqçisi Qəhrəman Əliyev deyib.

50 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turunda “Karvan”dan üç cavabsız qol buraxan “hərbçilər”in sona üç tur qalmış güclülər dəstəsini tərk etməyi rəsmiləşdirməsinin səbəbsiz olmadığını bildirib: “İkinci dövrədə əsasən gənclərin ümidinə qalmışdıq. “Neftçi”, “Standard” klublarının əvəzedici heyətindən, başqa komandalardan götürdüyümüz oyunçuların təcrübəsi çatmırdı. Bununla bəhanə axtarmıram. Mən özüm gənclərlə işləməyi sevirəm”.

Əliyev Premyer Liqada necə qalmağın yolunu da bilirmiş: “Əminliklə deyə bilərəm ki, birinci dövrədəki heyəti saxlasaydıq, MOİK Premyer Liqanı tərk etməzdi. Düzdür, bəzi oyunçular həqiqətən kənarlaşdırılmalı idi ki, biz də bunu etdik. Lakin klubdan maliyyə məsələlərinə görə ayrılanlar da oldu. Nəticədə isə hamının, elə əsas rəqiblərimiz olan “Muğan”, “Turan” və “Bakılı” heyətini gücləndirdiyi halda, biz daha da zəiflədik. Bu uşaqlarla nə qədər çalışsam da, ustalıq səviyyəsi və təcrübəsizlik sözünü dedi. Bəzi oyunlarda ruhdan düşür, eyni səhvləri təkrarlayırdılar. Onlar rəqiblərlə vuruşsa da ayaqlaşa bilmirdi”.

Birinci divizionda MOİK-i çalışdırıb-çalışdırmayacağını bilməyən Əliyev komanda ilə müqaviləsi bitməyincə, gələcək taleyinə aydınlıq gətirməyəcək: “Hələ qarşıda üç tur var. MOİK-in artıq iddiası qalmayıb. Bütün oyunlarda qalib gəlsək də, bu heç nəyi dəyişmir. Lakin klub rəhbərliyinin öz planları var. Yəqin ki, gələn mövsüm MOİK Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacaq. Özümə gəlincə, hələ klubla müqaviləm var. Yalnız qarşıdakı üç turdan sonra gələcəklə bağlı düşünüb, plan qura bilərəm”.

Qeyd edək ki, Əliyev 2008-ci ilin yayında MOİK Premyer Liqaya qayıdandan sonra baş məşqçi postunda Ramil Əliyevi əvəz etmişdi.
0