Kruqlov: Zaurun həyasızlığına cavab verməsəydim...
27.04.2009 - 13:29
Kruqlov: Zaurun həyasızlığına cavab verməsəydim...
“Deməzdim ki, “Qarabağ” bizimlə oyunda qeyri-adi nəsə göstərdi. Rəqib minimum real qol epizodu yaratdı, ancaq bundan maksimum yararlandı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun yarımmüdafiəçisi Dmitri Kruqlov deyib.

Premyer Liqanın son turunda öz meydanında “Qarabağ”a uduzan (0:1) flaqmanın estoniyalı legioneri bəxtlərinin gətirmədiyini bildirib: “Birinci hissədə fərqlənmək üçün xeyli şansımız var idi. Təəssüf ki, şanslardan istifadə edə bilmədik. Hücumlarımızı cərimə meydançasına qədər uğurla davam etdirirdik, lakin həlledici məqamda bəxt bizdən üz döndərirdi. Matçın nəticəsi rəqibin gücündən yox, bizim bəxtsizliyimizdən xəbər verir”.

25 yaşlı futbolçu “Qarabağ”ın hücumçusu Zaur Ramazanovla aralarındakı mübahisəyə də aydınlıq gətirib. O, Ramazanova cavab verdiyin üçün peşman olub: “Ramazanov açıq zərbə ilə mənim ayağımdan vurdu. Mən topu auta çıxardım və qapımıza doğru irəlilədim. Rəqib futbolçu arxadan mənə zərbə endirdi. Mən də özümü saxlaya bilmədim. Bəlkə də hirslənməməli, əsəblərimi qorumalı idim. Həmin epizodda emosiyalarıma görə düşünmədim ki, bu, “Qarabağ”ın oyunçusu tərəfindən edilmiş həyasızlıqdır. Ona cavab verməsəydim, hakim də mənə sarı vərəqə göstərməzdi. Bu xəbərdarlığın 4-cü sarı vərəqə olduğunu bilmirdim”.

Xatırladaq ki, Kruqlov sarı vərəqə ucbatından növbəti turda “Karvan”la qarşılaşmanı buraxacaq.

Mənbə: extratime.az
0