Yurgen Klinsman “Bavariya”dan qovuldu
27.04.2009 - 14:05
Yurgen Klinsman “Bavariya”dan qovuldu
Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Yurgen Klinsman istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, komandanın son vaxtlar həm Bundesliqada, həm də Çempionlar Liqasında (ÇL) uğursuz çıxışından sonra gedişi gözlənilən 45 yaşlı alman mütəxəssis son turda evdə “Şalke”yə məğlubiyyətdən (0:1) sonra qovulub. “Bavariya”da baş məşqçi əvəzi vaxtilə Madridin “Real” klubunu çalışdırmış Yupp Haynkes olacaq.

2006-cı ilə Almaniya milli komandasının dünya çempionatının bürünc medalını qazandıran Klinsman ötən yaydan “Bavariya”nın sükanı arxasında idi. Onun Bundesliqada səfərdə “Volfsburq”a (1:5), ÇL-də “Barselona”ya (0:4) 4 top fərqi ilə uduzduqdan sonra mövsüm bitməmiş istefaya göndəriləcəyi proqnozlaşdırılırdı. İndi “Bavariya” lider “Volfsburq”dan 3 xal geri qalır.

Qeyd edək ki, Münhen klubunu yeni mövsümdən başqa mütəxəssis çalışdıracaq. Baş məşqçi postu Londonun “Arsenal” klubunun fransalı çalışdırıcısı Arsen Vengerə təklif edilsə də, o, bunu qəbul etməyib.
0