Miçoviç: Artıq “Neftçi” üçün itiriləsi bir şey qalmayıb
27.04.2009 - 14:30
Miçoviç: Artıq “Neftçi” üçün itiriləsi bir şey qalmayıb
“Qarabağ”la qarşılaşmada üç xala daha çox layiq olan komanda biz idik. Buna baxmayaraq, rəqibi qələbə münasibətilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun futbolçusu Vladimir Miçoviç deyib.

34 yaşlı serbiyalı qapıçı Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən görüşdə komandasının “Qarabağ”a minimal hesabla uduzmasını bəxt amili ilə bağlayıb: “Komandamız bu görüşdə yaxşı oynayıb inamlı təsir bağışladı. Lakin çox hücum edib əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik. Belədə isə “vurmayana vurarlar” prinsipi işə düşdü. Bəxt isə bizdən üz döndərmişdi. Öz günahımız ucbatından xal itirdik. “Neftçi”ni qol imkanlarından istifadə faizinin aşağı olması pis vəziyyətdə qoydu”.

Miçoviç “Neftçi” üçün çempionatın demək olar ki bitdiyini düşünür: “Artıq itiriləsi bir şeyimiz də qalmayıb. Bu səbəbdən heyətdə olan çoxsaylı gəncləri son üç qarşılaşmada sınanmağı mümkündür. Onsuz da bu gənclər oynamaq üçün alışıb-yanır. Həm də heyətdəki itkiləri sığortalamaq lazımdır. Zədəli oyunçularımız az imiş kimi Elmar Baxşıyev də cəzalı duruma düşdü. Amma bu futboldur və itkilərdən qaçmaq olmur”.
Qeyd edək ki, Vladimir dörd ildir “Neftçi”nin şərəfini qoruyur.

Mənbə: extratime.az
0