Qurbanov: Qardaşım, bu, Allahın işidir!
27.04.2009 - 16:22
Qurbanov: Qardaşım, bu, Allahın işidir!
Azərbaycanın ən titullu futbolçusu, “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

- Son turda “Qəbələ” ilə səfər oyunu haqda fikirlərinizi bilmək istərdik...
- Əsas odur ki, qələbə qazandıq. Bizə üç xal lazım idi. Düzdür, meydança hava şəraitinə görə yaxşı deyildi. Amma “Qəbələ” güclü rəqibdir və qələbə qazanmaq istəyimizə çatdıq.

- Həmin görüşdə komandanızın kapitanı Rafael Əmirbəyovun yoxluğunda sarğını siz daşıdınız. Bu seçim nə ilə bağlı idi?
- Sadəcə, klub rəhbərliyi və baş məşqçi kapitan sarğısını mənə həvalə etdilər. Mən də bu vəzifəni icra etdim.

- Qış fasiləsində “Bakı”ya keçəndən sonra sizi vitse-kapitan təyin etmişdilər?
- Yox. Sadəcə, “Qəbələ” ilə oyundan əvvəl kapitan sarğısını tapşırdılar. Mənə də həvalə etməsəydilər, “Bakı”da neçə illərdir oynayan futbolçulardan birinə edəcəkdilər. Bunda da bir problem olmayacaqdı.

- İndiyədək “Neftçi”, “Xəzər-Lənkəran”, “İnter” klublarında kapitan olmusunuz. Bu dəfə hansısa fərq var idi?
- Düzdür, “Bakı”ya keçəndən sonra ilk dəfədir kapitan sarğısını daşıyırdım. Bunun elə də önəmi yoxdur. Mən kapitan oldum-olmadım, bunun fərqi yoxdur...

- Adətən kapitan sarğısını daşıyanda futbolçunun məsuliyyəti artır. Özü də əvvəlki klublarınızda belə təcrübəniz olub...
- Yenə də deyirəm ki, sayıblar, hörmət ediblər, sağ olsunlar. Bu etimada görə, vitse-prezidentimiz Zeynal Məmmədova, baş məşqçimiz Qyoko Hacıyevskiyə minnətdaram. Mənim üçün ən önəmlisi kapitanlıq yox, komandamın qələbə qazanmasıdır.

- Hər halda, kapitan kimi ayağınız düşərli oldu. Lənkəranda böyük hesablı məğlubiyyətdən sonra “Bakı”ya bu qələbə lazım idi...
- “Olimpik”lə oyundan sonra psixoloji planda problem vardı. Şükür Allaha ki, bunu aradan götürdük. Üstəlik, “Xəzər-Lənkəran”a səfərdə 0:3 hesabı ilə uduzandan sonra bu qələbə bizə “Simurq”la oyun öncəsi çox vacib idi.

- Mövsümün sonuna üç tur qalıb və komandanız turnir cədvəlində 2-ci yerdədir. Lider “İnter”lə xal fərqi minimuma enib. Proqnozunuz nədir?
- Qardaş, proqnoz yoxdur. İnşallah, biz bütün oyunlarımızı udmalıyıq. Qabağa baxaq, görək vəziyyət necə olacaq. Yəqin ki, qarşıdakı turdan sonra hər şey məlum olacaq.

- Yəni, söhbət “Bakı” – “Simurq” və “Qarabağ” – “İnter” oyunlarından gedir...
- Bu görüşlərdən sonra hər şey bilinəcək. İnşallah, şənbə və bazar günü keçiriləcək bu oyunlardan sonra hər şey yaxşı olacaq.

- “İnter” son iki turda 2:2 hesablı heç-heçə etdi ki, bu xal itkiləri sizin xeyrinizə oldu. Keçmiş komandanızın büdrəməsi sizin üçün gözlənilməz olmadı ki?
- Yox. Ona görə gözlənilməz olmadı ki, rəqibləri güclü komandalar idi. Bu, həm “Neftçi”yə, həm də “Xəzər-Lənkəran”a aiddir. Haradasa fikirləşirdim ki, “İnter” bu oyunlarda xal itirəcək. Əlbəttə, bu xeyrimizə oldu.

- Son turda “İnter” – “Xəzər-Lənkəran” oyununu izləyə bildinizmi?
- Həmin vaxt Qəbələdə idik və görüşü televiziyadan izlədik. “Xəzər-Lənkəran” ilk hissədən sonra hesabda 0:2 geridə olsa da, ruhdan düşmədi və sona qədər mübarizə apararaq, tarazlığı bərpa etdilər.

- Bununla “Xəzər-Lənkəran” çempionluq şansını itirsə də, qızıl medallar uğrunda intriqanı saxladılar. Bu isə ilk növbədə sizin çün yaxşı oldu...
- “Xəzər-Lənkəran”ın intriqanı saxlamağı yaxşı oldu. Sadəcə, Lənkəranda uduzmaq bizim bir az işimizi geri saldı.

- Etibarlı müdafiəsi ilə seçilən komandanızın “Xəzər-Lənkəran”la oyunda birdən-birə üç qol buraxmağına, böyük hesabla uduzmağına səbəb nə oldu?
- Həmin görüşdə zəif çıxış etdik, rəqib isə güclü oynadı. Yəqin ki, yaxşı oynasaydıq, uduzmazdıq.

- “Bakı” çempionluq uğrunda mübarizədə “İnter”i üstələmək istəyir. Yəqin ki, son il yarımda çıxış etdiyiniz “İnter”i qabaqlamaq sizin üçün daha çox prinsipiallıq kəsb edir...
- Mən də “Bakı”nın heyətində çempion olmaq istəyirəm. Əlbəttə ki, qızıl medallar uğrunda mübarizədə ilk dövrədən sonra tərk etdiyim “İnter”i qabaqlamaq mənim üçün böyük motivasiya edir.

- “İnter”dən narazılığınız yoxdur ki?
- Narazılıq deyəndə ki, bu klubla müqaviləm bitdi. Vaxt gələcək, özüm bu haqda danışacağam.

- Hər halda, sizin kimi təcrübəli futbolçunu saxlamadılar...
- Özləri bilərlər. Mən özümə komanda tapacaqdım. İnşallah, mövsüm qurtarar, bu haqda danışarıq.

- Ayağınız düşərlidir. Hansı kluba gedirsiniz, o da çempion olur...
- Qardaşım, bu, Allahın işidir. Mən bu haqda nə deyim? Təki elə olsun, bu il də “Bakı” ilə çempion olum, yenidən bu sevinci yaşayım.

- Maraqlıdır, komandanın daxilində belə söhbət gedir ki, Mahmud Qurbanov bizdədirsə, çempion olacağıq?
- Yox-yox. Elə bir söhbət getmir. Sadəcə, oynayırıq, hər görüşə ciddi hazırlaşırıq. Bilirik ki, istəyimizə çatmaq üçün hər bir oyuna qələbə əzmi ilə çıxmaq lazımdır. Bu yolla, bir də Allahın köməyi ilə istəyimizə çata bilərik.

- İndi elə vəziyyət yaranıb ki, hər şey “İnter”in öz əlindədir. Komanda qalan üç oyunda qalib gəlsə, ardıcıl ikinci mövsüm çempion olacaq...
- Hər birimizin üç oyunu qalıb. İnşallah, bizim üçün yaxşı olar...

- “Bakı” ilə də qızıl medal qazansanız, bu, karyeranızda 10-cu çempionluq olacaq.
- Olsun, sonra danışarıq. İndidən proqnoz vermək istəmirəm.

- Bildiyimizə görə, “Bakı” ilə müqaviləniz cari mövsümün sonunda bitir...
- Doğrudur.

- Mövsümün sonundakı nəticədən asılı olmayaraq, “Bakı”da qalmağı düşünürsünüz?
- Vallah, bilmirəm. Qoy hələ nəticə verək, sonra bu haqda düşünərik. Rəhbərlik saxlasa, qalaram. Saxlamasalar, nə deyə bilərəm? İndi bütün fikirlərimiz yalnız birinci yeri tutmaqdır. Hazırda hamı – həm rəhbərlik, həm də futbolçular bu haqda düşünür. İndidən nəsə demək tez olar.

- Yəqin ki, futbolçu karyeranızı bitirmək haqda düşünmək istəmirsiniz.
- Jurnalistlər icazə versə, oynayacağam (gülür).

- Jurnalistlərin məsələyə nə dəxli var?
- Yox. Sadəcə, özüm belə deyirəm. İnşallah, hələ oynayaram. Təki Allah can sağlığı versin.
0