Andrey Rubin “Qəbələ” ilə kubok oyunlarını buraxacaq
27.04.2009 - 23:01
Andrey Rubin “Qəbələ” ilə kubok oyunlarını buraxacaq
Bakının “İnter” klubunun latviyalı yarımmüdafiəçisi Andrey Rubin “Qəbələ” ilə Azərbaycan kuboku uğrunda yarımfinal oyunlarında iştirak etməyəcək. Apasport.az saytının məlumatına görə, cari mövsümdən ölkəmizdə çıxış edən 31 yaşlı futbolçu Premyer Liqanın son turunda “Xəzər-Lənkəran”la “Şəfa” stadionunda keçirilən görüşdə ciddi zədə alıb.

Oyunun sonuna yaxın rəqiblə mübarizə nəticəsində xəsarət alan Rubin ayağından qan axa-axa meydanı tərk etməli olub. Ən azı üç görüşdə iştirak etməyəcək futbolçu hazırda müalicə olunur. “Qarabağ” ilə qarşıdakı turda mayın 3-də Ağdamda keçiriləcək görüşü da buraxmalı olan Andrey son iki turda “Karvan” və “Bakılı” ilə oyunlarda sıraya dönə bilər.

“İnter” “Qəbələ” ilə sabah “Şəfa” stadionunda ilk kubok matçına ciddi itkilərlə çıxacaq. Zədəli bolqar yarımmüdafiəçi Petar Zlatinov yalnız iynələrin hesabına meydana çıxa bilər. “İnter”in digər yarımmüdafiəçisi Elvin Məmmədov milli komandamızın ötən həftə 5 günlük təlim-məşq toplanışından sonra bərpa olunmayıb. Paytaxt təmsilçisində xəsarət alan başqa futbolçular da var ki, qabırğası sınan serb müdafiəçi Milan Zaqorats müalicəsini davam etdirir. Zaqoratsın həmyerlisi Qoran Arnautun isə artıq cəza müddəti bitdiyindən, “Qəbələ” ilə görüşdə iştirak edə biləcək. “İnter”in qəbələlilərlə cavab görüşü mayın 6-da səfərdə olacaq.
0