“Əvvəl 700 min avro deyirdilər, sonra bu rəqəm 1,3 milyon avroya çatdı”
27.04.2009 - 23:20
“Əvvəl 700 min avro deyirdilər, sonra bu rəqəm 1,3 milyon avroya çatdı”
İyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və İspaniya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşü ətrafında artıq indidən ajiotaj hiss olunur. Xüsusilə, maddi məsələlər barədə müzakirələr səngimək bilmir. Avropa çempionlarının yığmamızla oyuna müəyyən məbləğ pulun müqabilində razılıq verdikləri haqda xəbərlər yayılıb. Bəs görəsən, bunlar nə dərəcədə həqiqətəuyğundur?

Məsələ ilə bağlı AFFA növbəti dəfə mövqeyini açıqlayıb. Qurumun baş katibi Elxan Məmmədov apasport.az saytına bunları deyib: “AFFA-nın İspaniya ilə yoldaşlıq görüşü keçirmək üçün qarşı tərəfə pul verməsi barədə mən də tez-tez oxuyuram. Əvvəlcə deyirdilər ki, guya 700 min avro vermişik. Sonra bu rəqəm 1,2 milyon, hətta 1,3 milyon avro həddinə qədər artdı. İndi isə əcnəbi bir jurnalist mənə zəng vuraraq bildirir ki, guya ispanlara 1,8 milyon avro vermişik. Təbii ki, bu informasiyaların heç bir əsası yoxdur. Biz yoldaşlıq matçı müqabilində ispanlara pul verməmişik”.

Məmmədov vurğulayıb ki, AFFA İspaniya yığmasının mehmanxana, qidalanma, ölkəmizdəki nəqliyyat xərclərini öz üzərinə götürüb. O, Visente del Boskenin rəhbərlik etdiyi kollektivin böyük ehtimalla, iyunun 6-da Bakıya təşrif buyuracağını söyləyib. Pireney yarımadası təmsilçiləri ölkəmizdə 4 gün qalacaqlar. Onların paytaxtımızda məskunlaşacağı otel, eləcə də oyunun başlanma tarixi yaxın günlərdə müəyyənləşəcək.

Matç İspaniya yığması üçün iyunun 14-də CAR-da start götürəcək Konfederasiyalar Kubokuna hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, İspaniya mətbuatında AFFA-nın yoldaşlıq görüşü üçün bu ölkənin futbol federasiyasına 700 min avro verdiyi barədə məlumatlar yayılıb.
0