“Fənərbaxça” Ronaldinyonu transfer etmək istəyir
28.04.2009 - 10:34
“Fənərbaxça” Ronaldinyonu transfer etmək istəyir
“Fənərbaxça” Braziliya milli komandasının futbolçusu Ronaldinyonu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin prezidenti Əziz Yıldırım güclü komanda yaratmaq arzusunu reallaşdırmaq üçün 29 yaşlı yarımmüdafiəçini transfer etmək fikrindədir. Hazırda “Milan”da oynayan ulduz futbolçunu ələ keçirmək məqsədilə Yıldırım italiyalılara 20 milyon avro təklif etməyə hazırdır.

İtaliyalıların da bu keçidə razılıq verəcəkləri gözlənilir. Çünki Ronaldinyo “Barselona”dan “Milan”a transfer olduqdan sonra heç də özünü göstərə bilmir. Üstəlik, Ronaldinyonu satmaqla, digər braziliyalı ulduz Kakanı heyətdə saxlamaq mümkündür.

“Fənərbaxça” rəhbərliyi Ronaldinyoya ildə 5 milyon avro ödəməyə hazır olduğunu bəyan edib. Bir neçə il əvvəl dünya və Avropanın ən yaxşısı seçilən, lakin indiki klubunda əsas heyətə düşməyə çətinlik çəkən braziliyalının keçidi baş tutarsa, o, Türkiyə futbol tarixinin ən ödənişli futbolçusu olacaq.

Qeyd edək ki, Ronaldinyonun klub karyerasındakı əsas uğurları 5 mövsümə 145 oyun keçirib 70 qol vurduğu “Barselona” ilə bağlıdır.
0