Hacıyevski: Azərbaycan kubokunu heç kimə vermək fikrimiz yoxdur
28.04.2009 - 11:46
Hacıyevski: Azərbaycan kubokunu heç kimə vermək fikrimiz yoxdur
“Qarabağ”la yarımfinal matçına ciddi hazırlaşırıq. Məqsədimiz ilk görüşdə qalib gələrək, üstünlük qazanmaqdır. Çünki bir həftə sonra cavab oyunu keçiriləcək Ağdamda bizi çox çətin sınaq gözləyir. Ora üstün durumda yollanmalıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı çalışdırıcının sözlərinə görə, Azərbaycan kuboku uğrunda ilk yarımfinal oyununda görüşəcəyi Ağdamın “Qarabağ” klubu üzərində cari mövsümdə qazanılan qələbələr arxayınlaşmağa əsas vermir: “Ümid edirik ki, bu qələbə seriyasının davamı kubokda da gələcək. Ancaq hər zaman udmaq olmur. Yarımfinalda güclü rəqiblə, yaxşı tanıdığımız “Qarabağ”la görüşəcəyik. Bu komandanın Zaur Ramazanov, Vaqif Cavadov kimi yaxşı, sürətli hücumçuları var. Təbii ki, “Qarabağ”da mənə yaxşı tanış olan, yetirməm Artim Şakirini də fərqləndirməliyəm. Uzun müddət rəhbərliyim altında çıxış etmiş Şakiri çox təhlükəli futbolçudur. Son vaxtlar ya qol vurur, ya da məhsuldar ötürmə edir. Elə son turda “Neftçi” ilə görüşdə “Qarabağ” qələbə topunu Artimin yerinə yetirdiyi künc zərbəsindən sonra vurdu. Şakirinin yerinə yetirdiyi standard vəziyyətləri çox təhlükəlidir və bu, qolla nəticələnə bilər”.

Azərbaycan Premyer Liqasında sona üç tur qalmış lider “İnter”dən 1 xal geridə olan “Bakı” çempionluq uğrunda ciddi mübarizə aparır. Makedoniyalı mütəxəssis kubokda da iddialı olduqlarını, bunu güzəştə getmək haqda heç düşünmədiklərini söyləyib: “İki turnirdə, qısa müddət ərzində oynamaq çətinliyi bizi qorxutmur. Çünki yaxşı futbolçulardan ibarət geniş heyətimiz var. Lazım olanda heyətdə dəyişiklik edib, vəziyyətdən çıxırıq. “Qarabağ”la oyunda yeganə itkimiz xorvat Ernad Skuliçdir. Dayaq yarımmüdafiəçisi kimi çıxış edən bu futbolçu cəzalıdır və onu başqası ilə əvəzləyəcəyik. Fernando Peres və Amiran Mucirinin problemi arxada qalıb. Peres sağalıb, Mucirinin isə cəza müddəti bitib. Qalan gərgin oyunlarımızda uğurla çıxış edib, mövsümü major notda başa vurmaq istəyirik”.

Qeyd edək ki, “Bakı” Premyer Liqanın cari mövsümündə “Qarabağ”la hər iki oyunda 2:0 hesablı qələbə qazanıb.
0