Kamran Ağayev: Hələlik qoltuq ağacı ilə gəzirəm
28.04.2009 - 14:08
Kamran Ağayev: Hələlik qoltuq ağacı ilə gəzirəm
“Hələlik qoltuq ağacı ilə hərəkət etməli oluram. Öz otağımda addım-addım gəzir, risk etməməyə çalışıram. Həkimlər çox və qəfil hərəkətlər etməyimə qadağa qoyublar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev deyib.

Bir neçə gün əvvəl Türkiyənin “VKV Amerikan Hastanesi”ndə əməliyyat olunan 23 yaşlı qapıçı təxminən üç aydır əziyyət çəkdiyi zədədən qurtulmağına sevinir: “Xoşbəxtlikdən əməliyyat uğurlu alındı. İndi yalnız cüzi – tibbi müdaxilədən doğan ağrılar qalıb. Əvvəl isə daha kəskin ağrılar var idi ki, mənə ciddi narahatçılıq verirdi. Əməliyyat sayəsində bu aradan qaldırılıb. İndi bərpa prosesi keçirəm və 2-3 həftədən sonra yenidən İstanbula gedəcəyəm. Bundan sonra həkimlər məni müayinə edib, nə etməli olduğumuzu müəyyənləşdirəcək”.

Həkimlər Kamrana nəinki məşq etməyi, hətta bu haqda düşünməyi də qadağan edib: “Mənə dedilər ki, hər hansı məşqdən söhbət belə gedə bilməz. Səbirli olub tədricən ayağa qalxmalıyam. İlk növbədə isə qoltuq ağacı olmadan gəzməyi öyrənməliyəm. Türkiyədəki həkimlərin yazdığı müalicə kursunu onların klubdakı həmkarlarının nəzarəti altında davam etdirirəm. Əməliyyat 4 saat davam etdi ki, belə şeylərdən sonra özünə gəlmək heç də asan deyil. Hələ də mənə bərpa prosesinin nə qədər davam edəcəyini deməyiblər”.

Qeyd edək ki, Kamran ikinci dövrənin “Turan” - “Xəzər-Lənkəran” oyunu ərəfəsində məşq zamanı zədələnmişdi.

Mənbə: extratime.az
0