“Xəzər-Lənkəran”ı ciddi sanksiya gözləyir
28.04.2009 - 14:51
“Xəzər-Lənkəran”ı ciddi sanksiya gözləyir
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, “İnter” Premyer Liqanın son turunda “Xəzər-Lənkəran”la “Şəfa” stadionunda keçirilən oyunun 64 və 74-cü dəqiqələrində meydançaya kənar əşya (plastik qab) atıldığı üçün 2000 manat cərimə olunub.

Matçda “Xəzər-Lənkəran” azarkeşləri tərəfindən etik normalara uyğun olmayan plakat nümayiş etdirilib. Bu məsələ ilə əlaqədar klub rəhbərliyinə xəbərdarlıq edilib. Oxşar hadisə baş verəcəyi təqdirdə, kluba qarşı ciddi sanksiyalar tətbiq ediləcək.

“Muğan”, “Bakılı” və “Karvan” 4 futbolçu sarı vərəqə aldığı üçün, onların hər biri 1000 manat məbləğində cərimələnib. “Simurq” ümumilikdə 2200 manat xərcə düşüb. Belə ki, zaqatalalılar son turda “Standard”la ev oyununun 86-cı dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya (alışqan) atıldığı üçün 2000, gürcü futbolçusu David Bolkvadze həmin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 200 manat cərimə olunub. Bolkvadze isə bir oyunluq cəzalandırılıb. Bir-birlərini təhqir etdikləri üçün qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Samir Babayevlə (MOİK) Rəşad Kərimovun (“Karvan”) cəzası eyni olub. Belə ki, hər iki futbolçu iki oyunluq cəzalanıb və hərəyə 2000 manat məbləğində cərimələnib.

Son turda “Turan” – “Olimpik” oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Əsgər Abdullayev iştirak etmədiyi üçün klub 1000 manat ödəməli olacaq.

Qeyd edək ki, İntizam Komitəsi əvəzedici komandaların çempionatında və birinci divizionda baş verən xoşagəlməz olaylara da hüquqi qiymət verib. Cəzalananlar arasında Bərdənin ABN klubunun baş məşqçisi Əli Quliyev də olub. Artıq neçənci dəfədir cəzalanan Quliyev bu dəfə “Energetik” klubu ilə ev oyununda “texniki zona”dan kənarlaşdırıldığı üçün bir oyunluq diskvalifikasiya olunub. ABN baş məşqçisinə görə 200 manat xərcə düşüb.
0