“Bavariya” Qus Hiddinkin Bakıya gəlişinə əngəl olacaqmı?
28.04.2009 - 15:24
“Bavariya” Qus Hiddinkin Bakıya gəlişinə əngəl olacaqmı?
Azərbaycan milli komandasının dünya çempionatının cari seçmə mərhələsində rəqibi olan Rusiya yığmasının baş məşqçisi Qus Hiddink Almaniyanın “Bavariya” klubunu çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, təcrübəli holland mütəxəssis Münhen təmsilçisinin baş məşqçi postuna namizədlər sırasında yer alıb.

“Bavariya”nın prezidenti Frants Bekkenbauer bəyan edib ki, onlara məhz Hiddink kimi mütəxəssis lazımdır. Dünən Yurgen Klinsmanı qovan münhenlilərin baş məşqçi postuna digər namizədləri hazırda işsiz olan mütəxəssislər - braziliyalı Luis Felipe Skolari, holland Frank Raykaard, italyan Roberto Mançini və alman Bernd Şusterdir.

Rusiya yığması ilə yanaşı, Londonun “Çelsi” klubunun çalışdıran Hiddink bu ilin fevralından hər iki postu tutub. Rusiya Futbol İttifaqı ilə 2010-cu il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər müqaviləsi olan holland məşqçi mayda “Çelsi”dən gedəcəyini dəfələrlə bildirib. Hiddink bundan sonra bütün diqqətini yalnız yığmaya yönəltmək fikrindədir ki, onun komandası cari seçmə mərhələdə son oyunu oktyabrın 14-də Bakıda milli komandamıza qarşı keçirəcək.

Qeyd edək ki, Bekkenbauer əvvəldən Klinsmana qarşı çıxan azarkeşlərin fikirlərini qiymətləndirmədiyini etiraf edib. Cari mövsümün sonuna qədər “Bavariya”da baş məşqçi vəzifəsini alman Yupp Haynkes icarə edəcək.
0