Şok olay: Hakimi huşunu itirənə qədər döydülər
29.04.2009 - 11:00
Şok olay: Hakimi huşunu itirənə qədər döydülər
Futbol meydanlarında daha bir şok olay yaşanıb. Apasport.az saytının məlumatına görə, Macarıstan çempionatının həvəskar liqasında hakimi huşunu itirənə qədər döyüblər.

Qalmaqal “Nemesko” - “Vassurani” matçının 50-ci dəqiqəsində, meydan sahibləri 0:3 hesabı ilə uduzarkən baş verib. “Nemesko”nun müdafiəçisi Rudolf Kirali cərimə zərbəsini verməməsi ilə bağlı baş hakim Yozef Saboya etiraz edib. Lakin ədalət təmsilçisi onun narazılığını əsassız sayıb. Hisslərini cilovlaya bilmədiyi üçün etirazını daha çılğın şəkildə ifadə edən futbolçu önündə qırmızı vərəqə görüb. Bundan sonra Rudolfu saxlamaq müşkül məsələyə çevrilib.

O, Yozef Sabonun üstünə atılaraq, onu qüvvətli yumruq və təpik zərbələrinə “qonaq edib”. Bunu görən komanda yoldaşları da Rudolfa köməyə gəlib və hakimi huşunu itirənədək döyüblər. Bir neçə dəqiqədən sonra futbolçuları birtəhər Sabodan aralaşdırıblar və onu xərəklə paltardəyişmə otağına aparıblar. Oyunu davam etdirmək mümkün olmayıb.

Amma ən maraqlısı hakim özünə gələndən sonra baş verib. Ədalət təmsilçisini döyən Rudolf “Üzr istəyirəm, 0:3 hesabı ilə uduzduğumuzdan özümü saxlaya bilmədim” - deyə təəssüfünü gizlətməyib. Hakim Yozef isə deyəsən, hələ də özünə gələ bilməyib. Çünki o, ayıldıqdan sonra onu döyənlərdən şikayət etməyəcəyini, sağalan kimi yenidən hakimliyə başlayacağını söyləməklə, çoxlarını, o cümlədən Macarıstan Futbol Federasiyasının rəhbərliyini təəccübləndirib.
0