“Azərbaycan yığmasının hücum etməsinə olan ümidlər utopiya idi”
29.04.2009 - 13:04
“Azərbaycan yığmasının hücum etməsinə olan ümidlər utopiya idi”
Avropa çempionatının ikinci seçmə mərhələsində çıxışlarını başa vuran 19 yaşlı qızlardan ibarət Azərbaycan milli komandası rəqibinin ümidlərini doğrultmayıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə qatıldığı bu mərhələdə qrup ikincisi olan yığmamız son turdakı rəqibi Fransanı məyus edib.

Görüşü 0:2 hesabı ilə uduzmaqla, final mərhələsinə vəsiqəni əldən verən komandamızın göstərdiyi oyun avropalılara narazı salıb. Fransa mətbuatı qalib gəldikləri qarşılaşmada müqavimət görməməkdən bezib: “İlk iki matçda qarşılaşdığımız komandaları arxada qoyan Azərbaycan yığmasının daha güclü olduğunu nəzərə alıb, onların meydanın mərkəzini keçəcəyinə ümid edirdik. Lakin bu, utopiyadan başqa bir şey deyildi. Artıq ilk dəqiqələrdən azərbaycanlıların nə etmək istədiyi məlum idi. Bütün oyun boyu topa nəzarət edən fransızlar ilk iki matçda olduğu kimi, yenə başdan-ayağa qapanan rəqibinin müdafiə səddini yarmağa çalışmalı idi. Həmin qarşılaşmalardakı bütün qollarını son 15 dəqiqədə vuran komanda bu dəfə fasiləyədək iki qola sevindi. İkinci hissədə Azərbaycan yığmasının irəli getməsini də gözləmək yersiz idi. Onlar risk etməmək üçün yenə müdafiə olunurdu”.

Qeyd edək ki, Fransa ilə matçda heç-heçə qeydə alınacağı halda, millimiz ən yaxşı qrup ikincisi kimi Belarusa vəsiqə qazanacaqdı.
0