Kamran Ağayev Uelslə Bakıdakı oyunu buraxacaq
29.04.2009 - 13:13
Kamran Ağayev Uelslə Bakıdakı oyunu buraxacaq
Azərbaycan milli komandası növbəti rəsmi oyununda da əsas qapıçısı Kamran Ağayevin xidmətindən istifadə edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Rusiya ilə görüşü olduğu kimi, Uelslə iyunun 6-da Bakıdakı rəsmi matçı da kənardan izləyəcək.

Onurğa sütununda yaranan problem üzündən ikinci dövrənin oyunlarını buraxan Kamran ötən həftə Türkiyənin İstanbul şəhərində əməliyyat olundu. Artıq vətənə dönən qapıçı hələlik müalicəsini ev şəraitində davam etdirir. Ağayevin həkimi Mehdi Sasani futbolçunun təxminən bir ay sonra tam sağalacağına diaqnoz verib. Milli komandamız Uelslə oyunla yanaşı, iyunun 2-də səfərdə Türkiyə, 9-da isə Bakıda İspaniya yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Xeyli müddətdir zədə ilə yanaşı, oyun praktikası sarıdan əziyyət çəkən Kamran millimizə bir həftə ərzində keçirəcəyi bu üç oyunda kömək edə bilməyəcək. Qapıçı üçün cari mövsüm artıq bitib və o, “Xəzər-Lənkəran” avrokuboklara vəsiqə qazanacağı halda, erkən başlanması nəzərdə tutulan yeni mövsüm hazırlıqlarına qoşula biləcək. Həkimlər qoltuq ağacı ilə hərəkət edən, əməliyyatdan sonra bərpa dövrünü yaşayan Ağayevdən mümkün qədər az hərəkət etməyi tələb edirlər. O, bur müddət sonra müayinə olunmaq məqsədilə yenidən İstanbula yollanacaq.

Qeyd edək ki, Kamran Uelslə ötən ilin sentyabrında Kardiffdə keçirilən görüşdə əla oyun nümayiş etdirdi. Qapıçı milli komandamızda həmin debüt matçında penalti zərbəsini də dəf etdi. Rusiya ilə oyunda Ağayevi “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev əvəzlədi.
0