“Bakı” kubokda “Qarabağ”a uduzdu, “İnter” artıq finalda!
29.04.2009 - 18:50
“Bakı” kubokda “Qarabağ”a uduzdu, “İnter” artıq finalda!
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsində ilk oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, paytaxt komandalarının qonağı olan əyalət təmsilçiləri fərqli nəticələrə imza atıb.

“İnter”in 5:0 hesabı ilə darmadağın etdiyi “Qəbələ” ölkə kubokunun finalı haqda xəyallarını “Şəfa” stadionunda dəfn etməli olub. Ardıcıl ikinci dəfə yarımfinalda dayanacaq qəbələlilər Valentin Xodukinin yetirmələrinin bir il əvvəl olduğu kimi, yenidən həlledici qarşılaşmaya vəsiqə qazanmasına çətin ki mane ola bilsin.

“İnter” kimi, hər iki cəbhədə mübarizə aparan “Bakı” isə meydan amilindən yararlana bilmədi. Paytaxtın eyniadlı təmsilçisi avrokuboklara çıxmaq üçün son şansı bu yarışda qalan “Qarabağ”la görüşdə 1:2 hesabı ilə məğlub oldu. 1/4 finalda olduğu kimi, yenə də ev oyununda iki cavabsız qol buraxandan sonra özünə gələn “Bakı” fərqi yalnız son dəqiqələrdə minimuma endirdi. Fabio Luis Ramimin bu qolu indidən “İnter” – “Qarabağ” finalı haqda danışmağın mümkünlüyünə əngəl oldu.

Azərbaycan kuboku, yarımfinal mərhələsi, ilk oyunlar

29 aprel

“İnter” – “Qəbələ” - 5:0

Bakı. “Şəfa” stadionu
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Azər Məmmədov, Vüsal Əliyev
QOLLAR: Valter Quqlemon, 5; 12 (penaltiylə); Petar Zlatinov, 8; Danillo Assiolli, 59; İon Testimitsianu, 76

“Bakı” – “Qarabağ” - 1:2
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Vaqif Musayev, Fariz Yusifov
QOLLAR: Fabio Luis Ramim, 90 - Elnur Allahverdiyev, 57; Vaqif Cavadov, 67

Qeyd edək ki, cavab oyunları mayın 6-da keçiriləcək.
0