“Çanqçun Yatay”ın baş məşqçisi: Vətəninə yola saldığımız Subaşiçlə bağlı təklif vermişəm
29.04.2009 - 15:38
“Çanqçun Yatay”ın baş məşqçisi: Vətəninə yola saldığımız Subaşiçlə bağlı təklif vermişəm
Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç Çinin “Çanqçun Yatay” klubunun düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı futbolçu iki aydır sıralarında olduğu komandanın son məşqinə qatılmayıb. Buna səbəb Subaşiçin vətəninə yollanmağıdır.

“Çanqçun Yatay”ın baş məşqçisi Li Şubin yığmamızın legionerinin Serbiya səfərini belə izah edib: “Çin çempionatının son oyunundan sonra Subaşiç mənə yaxınlaşıb iki günlük icazə istədi. Şəxsi işləri ilə əlaqədar vətəninə getmək istəyirdi. Mən də buna etiraz etmədim. Onsuz da Branimirin qatılmadığı hazırlıqlar bərpa prosesi və nəzəri məşğələlər idi. Sabah keçirilən məşqdə isə Azərbaycandan olan hücumçumuz yenə bizimlə olacaq”.

Keçirdiyi 5 oyunda hələ də qol vura bilməyən hücumçuya güvəndiyi üçün Çin mətbuatında tənqidlərə məruz qalan Li Şubin Branimirin birdəfəlik komandadan xaric olunması fikrini yaxın buraxmayıb: “Çanqçun Yatay” Subaşiçi heç hara buraxmayacaq. Onun haqqında fikirlərimi dəyişməmişəm. Keçirdiyi 5 oyunda qol vurmasa belə, mən onun komandamıza böyük fayda verəcəyinə inanıram. Düşünürəm ki, ona ilk qolunu vurmaq üçün vaxt verməliyik. Qol hesabını açandan sonra isə Subaşiç fərqlənmədiyi qarşılaşmaların da əvəzini verəcək. Bunu etməsi üçün hamımız ona kömək edəcəyik”.

“Çanqçun Yatay”ın baş məşqçisi Subaşiçə necə kömək etməyin də yolunu tapıb. Şubin bununla bağlı tapşırıqlar da verib: “Təklif etmişəm ki, rəqib qapısına təyin olunan penalti zərbəsini Subaşiç vursun. Bu təklifi komanda üzvlərinə də demişəm. Penaltini qola çevirməklə, Branimir hesabını açacaq ki, bundan sonra işi asanlaşacaq. Tərslikdən oyunlarımızda rəqib qapısına penalti də təyin olunmur. Hətta görüşlərin birində qapı ilə üzbəüz, cərimə meydanı yaxınlığından vurulan cərimə zərbəsini də ona həvalə etdik. Onun qol vurmasını gözləyirik. Çünki Subaşiçə ümidlərimiz böyükdür”.

Qeyd edək ki, Subaşiç martın ortalarında “Çanqçun Yatay”a keçib.
0