“İnter” - “Qəbələ” matçından sonra baş məşqçilər arasında qalmaqal düşdü
29.04.2009 - 17:23
“İnter” - “Qəbələ” matçından sonra baş məşqçilər arasında qalmaqal düşdü
Azərbaycan kubokunun yarımfinal mərhələsinin “İnter” - “Qəbələ” oyunundan sonra keçirilən mətbuat konfransında qalmaqal düşüb. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin ukraynalı baş məşqçisi Valentin Xodukinlə rəqib komandadakı həmkarı Ramiz Məmmədov arasında “atışma” olub.

İlk oyunda ağır məğlubiyyət (0:5) alan “Qəbələ”nin baş məşqçisi hirsini mətbuat konfransında çıxarıb. Konfransda ilk söz alan Məmmədov cəmi bir cümlə ilə kifayətlənib: “Uşaqlara bu günkü oyuna görə sağ ol deyirəm”.

Bundan sonra söz alan Xodukinin fikirləri də qısa olub: “Oyunun əvvəlində qollar vurduq ki, bu da matçın nəticəsinə təsir etdi. Belə erkən fərqlənməyimizdə qonaq komandanın orta və arxa xətt oyunçularının buraxdığı səhvlər səbəb oldu”.

70 yaşlı mütəxəssisin bu sözləri ağzından çıxan kimi Məmmədov onu yarımçıq dayandırdı: “Sən get öz komandanın oyununu təhlil elə. Mənim komandamın necə oynaması ilə nə işin var?”

41 yaşlı həmkarından bu sözləri gözləməyən Xodukin onu özünə hörmət etməyə çağırıb: “Axı mənim 70 yaşım var. Mənimlə belə rəftar etmə”.

Ardınca ətrafdakıların köməyilə sakitləşdirilən çalışdırıcılar mətbuat konfransını tərk edib.
0