“Rəşad Sadıqov “Qalatasaray”da oynaya bilər” - MÜSAHİBƏ
29.04.2009 - 23:21
“Rəşad Sadıqov “Qalatasaray”da oynaya bilər” - MÜSAHİBƏ
Türkiyənin “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altının apasport.az saytına eksklüziv müsahibəsi

- Qışda Rəşad Sadıqovla Ramal Hüseynovu transfer etdikdən sonra “Kocaelispor”un ölkəmizdəki azarkeşlərinin sayı artıb. Çıxışını diqqətlə izlədiyimiz komandada yer alan futbolçularımızdan nə dərəcədə razısınız?
- Azərbaycandan zəng etməyiniz məni sevindirdi. Həm Rəşaddan, həm də Ramaldan çox məmnunam. Belə səviyyəli futbolçular yetişdirdiyinə görə Azərbaycana təşəkkür edirəm. Çox xoşbəxtəm ki, sərəncamımda bu cür oyunçular var. “Kocaelispor”un ölkənizdə də çoxlu tərəfdarının olması məni şad edir. Burdan Azərbaycan xalqına salamlarımı, minnətdarlığımı çatdırıram.

- Rəşad “Kocaelispor”un əsas heyətində möhkəmlənib. Ondan belə inamlı oyun gözləyirdinizmi?
- Rəşad həqiqətən də çox yaxşı təsir bağışlayır. O, Türkiyə Superliqasında özünü ən yaxşı tərəfdən göstərərək, müəyyən səviyyəyə gəlib. Rəşadı hər kəs transfer etmək istəyir, bundan ötrü klublar növbəyə durublar. Amma onun klubumuzla müqaviləsi var və gələcəyin necə olacağını bilmirik. Superliqanın sonunda hər şeyə aydınlıq gələcək.

- Sadıqova Superliqada hansı klublar maraq göstərirlər?
- Bunu dəqiq bilmədiyim üçün konkret ad açıqlamağa çətinlik çəkirəm. Sadəcə, Rəşadı bir sıra komandaların öz heyətlərinə cəlb etmək niyyətində olduqlarını düşünürəm.

- Rəşadda ilk növbədə hansı keyfiyyətləri bəyənirsiniz?
- Onun hərəkətləri çox xoşuma gəlir. O mübarizdir, heç bir çətinlikdən çəkinmir. Hava mübarizələrində inamlı təsir bağışlayır. Oyun zamanı çox diqqətlidir. Bütün bu keyfiyyətlər məni razı salır.

- Bəzi oyunlarda hakim səhvi xal itkinizə səbəb olub. Həmçinin, iki matçda hakim Rəşadın əllə oynadığına görə qapınıza penalti zərbəsi təyin edib ki, bu da futbolçumuzu pərişan edib...
- Rəşadın bu epizodlarda günahı olmayıb. Hakim bilməyərəkdən əleyhimizə qərar verib. O, topun ələ toxunduğunu görərək, penalti təyin etməyi üstün tutub. Olan oldu, keçən keçdi. Əlimizdən gələcək bir şey yoxdur. Futbolda belə şeylər olur.

- Sizcə, Rəşad Superliqanın güclü klublarında oynamağa qadirdir?
- Təbii, təbii. Özü də çox rahat oynaya bilər.

- Yəni hesab edirsiniz ki, Türkiyənin 4 böyük klubunun birində - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və ya “Trabzonspor”un əsas heyətdə çıxış etmək ona çətin olmaz?
- Elədir. Bunların hamısında oynamağı bacarar. Çünki Rəşad sadaladığınız klubların formasını geyinə biləcək səviyyədə futbolçudur.

- Bəs sizcə, niyə bu klublar Sadıqovla maraqlanmır, azərbaycanlı futbolçunu transfer etmirlər?
- Mən Rəşadı Türkiyənin böyük klublarında çıxış etməyə layiq futbolçu sayıram. “Trabzonspor”a, “Qalatasaray”a diqqət yetirirəm, onlara mərkəz müdafiəçisi lazımdır. Sadıqov bu klublarda oynaya bilər.

- Mövsümün sonuna 5 tur qalıb və “Kocaelispor” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Superliqada qalmaq şanslarını necə qiymətləndirirsiniz?
- Biz Superliqada qalmaq uğrunda mübarizə aparırıq və sona qədər “vuruşacağıq”. Futbolçularımıza inanırıq. Superliqada yerimizi qorumaq şansımız var. Qalan 5 oyunda qələbə qazansaq, 15 xal toplamış olacağıq. Bu zaman “təhlükəli zona”dan qurtularaq, Superliqada qalacağıq. Mən komandama güvənirəm. İnşallah, bu vəzifəni yerinə yetirərik. Hər şey qarşıdakı oyunlarda nə qədər xal yığacağımızdan asılıdır. Məqsədimiz maksimum xal toplamaqdır.

- “Qalatasaray” kimi güclü rəqibi səfərdə böyük hesabla məğlub etdiniz, “Fənərbaxça” ilə “Şükrü Saracoğlu” stadionunda heç-heçə etdiniz. Hər halda, belə nəticə göstərən komanda Superliqada qalmağa layiqdir...
- Doğrudur. Biz öz işimizi görürük. Hər bir oyuna qələbə qazanmaq üçün çıxacağıq. Eyni zamanda, Superliqada qalmaq uğrunda mübarizədə rəqiblərimizin xal itirməsinə ümid edəcəyik. Əlimizdən başqa iş gəlmir.

- Birinci liqaya düşsəniz, Rəşad komandada qalacaqmı?
- Təbii ki, Rəşadın “Kocaelispor”da çıxışını davam etdirməsini istərdik. Elə onun özünün bunu qəbul etməsi mümkündür. Sadiqov qalmaq istəyər, niyə də yox!?

- Ancaq nəzərə alaq ki, Sadıqovun 27 yaşı var və birinci divizionda yox, Superliqa təmsilçisində oynamağı üstün tutar. Əgər Rəşad başqa kluba transfer olmaq istəsə, onun gedişinə imkan yaradacaqsınız?
- Rəşadın gələcək karyerası ilə bağlı nə qərar qəbul edəcəyini deyə bilmərəm. Bu, onun özünə aid olan məsələdir. Müqaviləsi bitən futbolçu sərbəst olduğundan istədiyi qərarı verə bilər.

- Siz ona nə tövsiyə edərdiniz?
- Rəşadın yeni mövsümdə komandamızda qalmasını arzulayıram. Ancaq digər yaxşı təklif gələrsə, bunu dəyərləndirməsini də istəyirəm. Mənim əlimdən gələn başqa iş yoxdur. Rəşad peşəkar futbolçudur və düşünüb qərarını verməlidir.

- Rəşaddan fərqli olaraq Ramalın “Kocaelispor”da vəziyyəti heç də yaxşı deyil. Hüseynova şans verməməyinizə səbəb nədir?
- Hazırda “oturuşmuş” heyətimiz var və dəyişikliyə lüzum yoxdur. Buna görə də Ramal ehtiyatda qalır. O da səviyyəli futbolçudur. Oynamasa da, məşqlərdə çalışır, bu baxımdan “axsamır”. İnanıram ki, Ramala şans verilən kimi özünü ən yaxşı tərəfdən göstərəcək.

- Ramalın əsas problemi, çatışmazlığı nədir?
- Onun heç bir qüsuru yoxdur.

- Mövsüm sona yaxınlaşır, ancaq o, hələ də debüt etməyib. Yalnız ikitərəfli oyunlarda iştirak edir. Ramalı sonradan oyuna buraxmaq, heç olmasa bir görüşdə sınamaq olmaz?
- Sabit heyətimiz var və bu şəkildə də çempionata davam edirik. Ramal məhz bu səbəbdən şans qazanmır.

- Buna baxmayaraq, klub transfer etdiyi futbolçunun xidmətindən istifadə etməlidir. Axı, rəhbərlik oyunçunu ehtiyatda saxlamaq üçün almır. Ramalın “Kocaelispor”a transferini necə qiymətləndirmək olar?
- Onu mən komandaya gələnədək almışdılar. Daha sonra mən də Ramalı istədim. Gördüm ki, ondan faydalana bilərik və “Ramal qalsın” dedim. Amma Hüseynov debüt etmək üçün fürsət yaxalamayıb. Qalan oyunlarda meydana çıxması mümkündür.

- Gələcəkdə Azərbaycandan yenə futbolçu almaq niyyətiniz varmı?
- Əlbəttə. Niyə də istəmirəm!? Yaxşı futbolçudursa, onu niyə komandama götürməyim? İnşallah, gedib baxarıq, məsələni dəqiqləşdiririk. Məni Azərbaycana dəvət etsəniz, sevə-sevə gələrəm.
0