“Bakı”nın Azərbaycan kubokunda seriyası qırıldı
30.04.2009 - 11:23
“Bakı”nın Azərbaycan kubokunda seriyası qırıldı
“Bakı” klubunun Azərbaycan kubokunda seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisinin turnirdə məğlubiyyətsiz oyunlar seriyası 13-də dayanıb.

Bu, kubokun yarımfinal mərhələsində “Qarabağ”la Respublika stadionunda keçirilən ilk oyunda (1:2) baş verib. Paytaxt təmsilçisi ötən mövsüm kubokda mübarizəni 1/4 finalda dayandırsa da, “Qəbələ” ilə görüşdə yalnız oyun sonrası penaltilərdə uduzaraq, mübarizədən kənarda qalmışdı – 1:1.

“Bakı”nın kubokda sonuncu məğlubiyyəti 2006/07 mövsümünə təsadüf edir və həmin vaxt da komanda Respublika stadionunda yenilib. Belə ki, bakılılar 2007-ci ilin fevralın 26-da “Xəzər-Lənkəran”la 1/4 final mərhələsi çərçivəsində ilk oyunda 0:2 hesabı ilə uduzub. Paytaxt təmsilçisi Lənkəranda keçirilən cavab görüşündə qalib gəlsə (1:0) də, bu, mərhələ adlamaq üçün yetərli olmayıb. Həmin vaxt “Bakı”nın baş məşqçisi Böyükağa Hacıyev olub.

Həmkarını 2007-ci ilin payızında komandanın sükanı arxasında əvəzləyən makedoniyalı mütəxəssis Qyoko Hacıyevski Azərbaycan kubokunda ilk dəfə yenilib.

Qeyd edək ki, ölkə kubokunun cari mövsümündə uduzmayan yalnız “Qarabağ” qaldı. “Qəbələ”ni ilk oyunda 5:0 hesabı ilə məğlub etdikdən sonra demək olar finala çıxan “İnter” də turnirdə uduzub. Həmin yeganə məğlubiyyət Zaqatalada yerli “Simurq” klubu ilə 1/4 final mərhələsinin cavab görüşünə (1:2) təsadüf edir. “Bakı” 2005-ci ildə kubokun finalında məhz “İnter”i yenərək (2:1), titula sahib çıxıb.
0