“Real” klubunun ən hündürboy futbolçusu Azərbaycana gələcək
30.04.2009 - 12:11
“Real” klubunun ən hündürboy futbolçusu Azərbaycana gələcək
İspaniya “Real”ının futbolçusu Kristof Metselderin Almaniya yığmasına qayıdışı Azərbaycanla oyuna təsadüf edəcək. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsində yığmamızın rəqibi olan almaniyalıların baş məşqçisi Yoahim Löv 29 yaşlı müdafiəçiyə ehtiyac olduğunu bildirib.

Seçmə mərhələnin Uelslə keçirilən son matçında yığmanın ən təcrübəli futbolçusu Mihael Ballakla Lukaş Podolski arasında yaşananlar mütəxəssisi islahatlara əl atmağa vadar edir: “Komandada islahatlar apardıqda heyət əsasən gənclərdən ibarət olacaq. Belə olan halda, təcrübəli oyunçuya da ehtiyac olacaq. Belə də Metselder istənilən halda, yığma üçün vacib fiqur olmaq iqtidarındadır”.

Ötən il keçirilən Avropa çempionatının final mərhələsindən sonra Lövün diqqətindən kənar qalan Metselder uzun müddət “Real”ın heyətinə düşməkdə çətinlik çəksə də, “Sevilya” ilə son qarşılaşmada xoş təsir bağışlayıb. Lakin Pepenin 10 oyunluq cəzalandırılmasından sonra mərkəz müdafiəçisi mövqeyində bəxti açılan Kristofun artıq yığmanın növbəti matçına çağırılacağı gözlənilir. Almaniya millisinin növbəti görüşü avqustun 12-də Bakıda Azərbaycana qarşı keçirəcək.

Qeyd edək ki, boyu 1,95 sm olan Metselder “Real”ın ən hündürboy futbolçusudur.
0