“Bu oyuna belə səviyyəsiz hakimi təyin etmək savadsızlıq idi”
30.04.2009 - 14:01
“Bu oyuna belə səviyyəsiz hakimi təyin etmək savadsızlıq idi”
“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

- Komandanız Azərbaycan kubokunun ilk yarımfinal matçında “İnter”ə 0:5 hesabı ilə ağır məğlubiyyətə uğradı. Buna ilk növbədə baş məşqçi cavabdeh olsa da, hər halda, vitse-prezident kimi, bunu nə ilə izah edərdiniz?
- Futbolda hər şey ola bilər, qardaş. Nəsə qeyri-adi, şübhələndirici və yaxud başqa bir şey yoxdur. Fikrimcə, futbolçular matçın əvvəlində buraxılan qolun şokundan ayıla bilmədilər. Uşaqlar oyuna tam hazır idilər. Bildiyiniz kimi, son görüşlərdə gözəl oynayıblar. Hələ məşqçilər korpusu ilə görüşməmişəm. Bu gün yığıncaq var, görüşməliyik. Məşqçilər korpusu açıqlama verəcək ki, niyə belə olub. Amma telefonla onlarla əlaqə saxlamışam və hamı pis vəziyyətdə qalıb.

- Hesab edirsiniz ki, hər hansı şübhələndirici, bilərəkdən oynamamaq və başqa məqamlar yoxdur?
- Yox-yox. Bizdə elə uşaqlar yoxdur. Yəqin ki, heyətimizdən xəbəriniz var. Müdafiədə gənc futbolçularınız oynayır və belə şeylər etməyin mümkünatı yoxdur. Həqiqətən də onlara inanıram və bilirəm ki, hər hansı şübhələndirici məqam qeyri-mümkündür. Çünki hər birinin komandaya cəlb olunmasında özüm şəxsən iştirak etmişəm. Bilirəm ki, onlar komanda üçün başını qoyan futbolçulardır. İstər Mikayıl Namazov olsun, Vurğun Hüseynov, istərsə də başqası. Hamısı təmiz uşaqlardır və nəsə olması mümkün deyil. Sadəcə, Vurğun bir az cavandır, Mikayıl da. Erkən qollardan sonra uşaqlar özlərinə gələ bilmədilər. Qolların qısa müddətdə ardıcıl vurulması öz təsirini göstərdi.

- Bu ağır məğlubiyyət 12 dəqiqəyə buraxdığınız 3 qolun nəticəsidir?
- Dediyim kimi, futbolda hər şey olur. Amma hakimlik heç məni “açmadı”. Çünki belə bir oyuna bu dərəcədə səviyyəsiz hakimi təyin etmək savadsızlıq idi. Çox səviyyəsiz bir hakim idi. Oyunun videoyazısında qapımıza təyin edilən penaltiyə də baxıram, futbolçumuz Abdulkadir Kamaranı yıxdıqları epizoda da. Rəqibə penalti verir, bizə isə yox. Kənan Kərimov “İnter”in qapısına qol vursa da, bunu saymır. Deyir ki, sən oyunçunu yıxmısan. Halbuki, Kənan heç rəqibə toxunmurdu. Kaseti 50 dəfə qoyub baxıram və həmin epizodda qayda pozuntusunun olmadığını görürəm. Hakim vurduğumuz təmiz qolu saymır. Demirəm ki, Kənanın qolunu saysaydı, biz “İnter”ə qalib gələrdik. Amma oyunda çox səviyyəsiz hakimlik oldu.

- “İnter” – “Qəbələ” görüşünü idarə edən Elçin Məmmədov narazısınız...
- Bəli. Elçin Məmmədov çox səviyyəsiz hakimlik elədi. Ümumiyyətlə, onun hakimlikdə yeri yoxdur. Gərək elə bir oyuna elə hakim təyin edərdilər ki, o, meydanda səviyyəsini göstərərdi.

- Bu günkü iclasdan sonra futbolçulara hər hansı cəza gözlənilirmi?
- Mənə elə gəlir ki, yox. Uşaqlar həqiqətən də axırıncı oyunlarda çox uğurlu çıxış ediblər. Hələ dəqiq bilmirəm. Bir şey olarsa, bu haqda məlumatla tanış ola bilərsiniz.

- Baş məşqçinin istefaya göndərilməsi mümkündürmü?
- Yox. Bu haqda heç bir söhbət gedə bilməz. Belə bir şey düşünmürük. Ramiz Məmmədov gənc və perspektivli mütəxəssisdir.

- “Qəbələ”nin cari mövsümdə bütün ümidləri ölkə kubokuna bağlı idi...
- Komandamızın büdcəsi də göz qabağındadır, oyunçuları da. Bunu hamı bilir. Haradasa bu amil də öz sözünü dedi. Ancaq bizim “İnter”lə aramızda 0:5-lik məsafə yox idi. Bu komandanı keçməyi qarşımıza məqsəd qoymuşduq. “Qəbələ”nin elə yarımfinala çıxması da normal bir şey idi. Çünki 1/4 finalda “Olimpik” kimi güclü komandanı keçdik. “İnter”i də keçə bilərdik. Amma keçməməyimiz elə də bir şey deyil.

- Bundan sonra artıq növbəti mövsüm haqda düşünəcəksiniz və bununla bağlı planlar olacaq. Yeni mövsümdə komandanızın gücləndirilməsi nəzərdə tutulub?
- Bilirsiniz ki, “Qəbələ” futbol klubu üç ildir yaranıb. Fikrimiz olmayıb ki, komandanı birdən-birə aparaq çempion edək, yaxud ölkə kubokunu alaq. Amalımız, ideyamız qarşıdadır. Biz tədricən inkişaf edən klubuq və bunun həqiqətən belə olması göz qabağındadır. Yeni mövsümdə də bu irəliləyişin davamının gətirməsinə çalışacağıq. Oyunçu seçiminə xüsusi diqqət yetiririk, bizə lazım olan futbolçuları tapırıq. Çox pul xərcləmədən komandanı düzəldirik. Yəqin ki, yeni mövsümdə komandamız bir az da güclənər. Əsas məqsədimiz klub infrastrukturu ilə bağlıdır. Yəni, bura köklü baza, stadionlar, məşq meydançaları, futbol akademiyası, uşaq futbolu daxildir. Bununla da bərabər komandamız da ildən-ilə güclənir.

- Qəbələdə futbol akademiyası ilə bağlı son vəziyyət necədir?
- Artıq akademiyanın baş planı hazırdır. Meydançaların hamısı avqustun sonu – sentyabrın ortalarına kimi hazır olmalıdır. Akademiyanın inzibati binasının tikilişi də bu ilin sonunda başlayır.

- Londonun “Çelsi” klubunun bazasını tikən ingilislər akademiyanızın inşasına kömək etməli idilər...
- Həmin nümayəndələr gəlib, ölçüb-biçdilər. Onlar lazım olan məlumatları əldə etmək üçün Qəbələyə mütəmadi gəlirlər.

- Akademiya nə vaxta tam olacaq?
- İnşallah, il yarıma. Bu müddətə kimi işləri tam yekunlaşdırmaq fikrindəyik. Bura stadion, akademiya daxildir. Səkkiz aya akademiyanın inşası nəzərdə tutulub.

- Qəbələdəki stadionunuzun meydançası hava şəraiti ilə əlaqədar pis vəziyyətə düşür. Bu da komandanızın oyununda problem yaradır...
- İki ulduzlu süni örtüklü meydançası olan bir stadionumuz artıq hazırdır. Otu yapışdırılıb, arasına kauçuk tökürlər. 10-15 günə işlər tam yekunlaşacaq. Bu, daxili oyunları keçirməyə imkan verir. Ola bilsin ki, “Turan”la ev oyunumuzu yeni stadionda keçirdik.

- Futbol akademiyasına rəhbərlik edən türkiyəli mütəxəssis Əli Yavaşın işindən nə dərəcədə razısınız?
- Əli Yavaş işini davam etdirir. Bütün rayonları gəzir, araşdırma aparır, yarışlarda iştirak edir, futbolçuları nəzərdən keçirir. Türkiyəli mütəxəssis yeniyetmə, perspektivli futbolçuları axtarıb tapır, onlardan müəyyən qismini cəlb edib. Bir vaxtlar 30 nəfər idi, indi 150-yə yaxın uşağımız var. Uşaq futbol akademiyası üçün böyük avtobus, futbolçular üçün bütün geyimlər almışıq. Yəni, nə lazımdırsa, hər bir şey edilir. Sadəcə, bir baza məsələmiz qalıb. Dediyim ki plan genişdir və hər şeyin qaydasında olması lazımdır. Buna görə də bazanın tikintisi yubanır.
0