“O, mənə dedi ki, sizi hətta sərxoş halda 7 dəfə məğlub edərik”
30.04.2009 - 17:15
“O, mənə dedi ki, sizi hətta sərxoş halda 7 dəfə məğlub edərik”
Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukinin apasport.az saytına müsahibəsi

- Azərbaycan kuboku uğrunda “Qəbələ” ilə yarımfinal oyununda 5:0 hesablı qələbədən sonra özünüzü necə hiss edirsiniz?
- Özümü necə hiss etdiyimi mayın 3-dən sonra biləcəyəm.

- Həmin gün Ağdamda çempionluğun taleyi baxımından “Qarabağ”la vacib görüşünüz olacaq...
- Bax, həmin oyunun ardından işlərimin necə olacağını biləcəyəm. “Qarabağ”la matç həqiqətən də qızıl medallar uğrunda mübarizədə həlledici olacaq.

- “Qəbələ” ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında rəqib komandanın baş məşqçisi Ramiz Məmmədovla aranızdakı mübahisəyə, qalmaqala səbəb nə idi?
- Mən onunla mübahisə etməmişəm. Niyə bunu etməliyəm ki? Sadəcə, mətbuat konfransında jurnalistlərdən biri məndən soruşur ki, necə oldu siz “Qəbələ”yə belə asanlıqla qalib gəldiniz. Mən də cavab verdim ki, rəqib müdafiənin mərkəzində iki dəfə səhv etdi və bunun hesabına iki erkən qol vura bildik. Ramiz Məmmədov da mənə dedi ki, “sən öz komandan haqda danış, nəyə görə mənim komandamı müzakirə edirsən?” Axı, mən bunu harada müzakirə etmişəm? Sual verildi və mən də hansı səbəbdən qalib gəldiyimizi cavabladım. Məmmədova dedim ki, oğul, birincisi, mən məşqçiyəm və mənə ünvanlanan suala cavab verirəm. İkincisi, Qafqazda sənə özündən yaşca böyüklərlə necə düzgün davranmaq lazım olduğunu öyrətməyiblər? Mən də səndən yaşca böyüyəm. Onun cavabı belə oldu ki, kiminlə necə danışmaq lazım gəldiyini özüm bilirəm. Mən də durub getdim. Bundan sonra onunla nə danışa bilərdim!?

- Ramiz Məmmədovla əvvəllər aranızda heç bir problem yaşanmayıb. Mədəni şəxs kimi tanınan bu mütəxəssisdən belə davranış gözləyirdinizmi?
- Belə məqamları müzakirə etmək istəmirəm. Mətbuat konfransı zamanı stol arxasında əyləşən heç bir həmkarıma səsimi ucaltmamışam. Hətta Böyükağa Hacıyev “Bakı”da işləyəndə mənə demişdi ki, biz sizi hətta səhər, gecə, sərxoş, yuxulu halda da 7 dəfə dalbadal məğlub edə bilərik. Mən axı ona qarşı bir şey deməmişdim? İnsandır da, sözü deyib, nə edəsən.

- Hər halda, 0:5 hesabı ilə uduzan baş məşqçinin halını başa düşmək çətin deyil. Yəqin ki, əsəbi olub, emosiyalarını cilovlaya bilməyib və hirsini sizdən çıxıb...
- Bunun mənə nə dəxli var? Deyin görüm, mənim günahım nədir? Bilirəm ki, sizdə ağsaqqallarla hörmətlə danışırlar. Mən Ramiz Məmmədovdan böyüyəm. Təhsilim və təcrübəm də ondan çoxdur.

- İndiyədək məşqçilik fəaliyyətinizdə belə halla üzləşmişdiniz?
- Heç vaxt. Mən elə məşqçilərlə stol arxasında oturmuşam ki...

- Məsələn kimlərlə?
- Ukraynada çalışdığım zamanı Valeri Lobanovski, Yevgeni Kuçerevski ilə. Allah hər ikisinə rəhmət eləsin! Bundan əlavə, hazırda “Terek”i çalışdıran Vyaçeslav Qroznı, yaxın keçmişdə Madridin “Real” klubunun baş məşqçisi olmuş Bernd Şusterlə birgə stol arxasında oturmuşam. Həmin vaxt Şuster Donetskin “Şaxtyor” klubunu çalışdırırdı. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da bu sıraya daxildir. Onunla indi də salamlaşıram, görüşürəm. Başa düşürəm ki, biz məşqçilər sanki elektrik stulunda əyləşmişik. Buna görə də heç vaxt həmkarım haqda pis söz danışmıram.

- Səmimi deyin, “Qəbələ”ni 5:0 hesabı ilə məğlub edəcəyinizi gözləyirdiniz?
- Əlbəttə, yox. “Qəbələ”nin adı ilə 0:5 hesablı məğlubiyyət bir-birinə heç uyğun gəlmir. Yəqin ki, belə qələbə oyunu düzgün qurmağımızın nəticəsidir. Nəyi ehtimal etmişdim, o da gerçəkləşdi. Sözsüz ki, nəyi ehtimal etdiyimi deməyəcəyəm. Sonra deyərlər ki, baxın, Xodukin qələbə qazananda hər şeyi müzakirə edir. Əgər oyundan öncə mənim qeydlərimə baxsanız, görərsiniz ki, sizi aldatmıram.

- Demək olarmı ki, bu, sizin məşqçilik karyeranızda ən asan qələbə, “ən yüngül gəzinti” idi?
- Sadəcə, özümü yaxşı hiss edirdim. Komanda artıq oyunun 12-ci dəqiqəsində 3:0 hesabı ilə irəlidə olanda məşqçi özünü necə pis hiss edə bilər?

- Elçin Məmmədovun hakimliyindən razı qaldınızmı?
- O, bizim iki, rəqibin isə bir qolunu saymadı. “Qəbələ” nümayəndələri mənə irad bildirdilər ki, hakim pis idarəçilik edirdi. Buna belə cavab verdim ki, gəlin, hər zaman hakimlik haqda danışaq. Həm qələbə qazananda, həm də uduzanda. Yoxsa biz qalib gələndə başlayırsınız ki, hakim “İnter”in lehinə qərarlar çıxarırdı. 1:0, yaxud 2:1 hesablı nəticə olanda bu haqda danışmaq olar. 0:5 hesablı məğlubiyyətdən sonra hakimin nə köməyi? Özü də hesab 7:0 ola bilərdi. Sadəcə, etiraf etmək lazımdır ki, biz səviyyəcə üstün idik. Yaxşı bilirdim ki, “Qəbələ” son turda evdə “Bakı” ilə 90 dəqiqə pis meydançada mübarizə zamanı çox işləyib, yorulub. Mən buna xüsusi diqqət yetirmişdim.

- Bilirəm ki, deyəcəksiniz, bu, futboldur, proqnoz vermək istəmirəm. İndi artıq əminliklə sizin finalda oynayacağınızı söyləmək mümkündür? “Qəbələ”nin cavab görüşündə “İnter”i 6 top fəri ilə yenəcəyi sadəcə, inandırıcı görünmür...
- İndidən finalda olduğumuzu söyləyə bilmərəm. Mən həm rəqibə, həm də öz komandama hörmət etməliyəm. İndidən durum deyib ki, artıq finaldayıq, bu, düzgün çıxmaz.

- Digər yarımfinal oyununu izlədinizmi?
- Bəli.

- “Qarabağ”ın səfərdə “Bakı”nı məğlub etməsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Prinsipcə, “Qarabağ” çox yaxşı oyun nümayiş etdirdi. Gözəl qollar vurdular.

- Finalda bu komandanı gözləyirsiniz?
- Bu haqda danışmaq istəmirəm.

- Final oyunu öncəsi “Qarabağ”la səfər matçı çempionluq, avrokuboklara çıxmaq uğrunda mübarizəyə nə dərəcədə təsir göstərə bilər?
- Mən digər komandalarının yerinə düşünmək istəmirəm.

- Ağdama nə vaxt gedəcəksiniz?
- Mayın 2-də səhər məşqdən sonra.

- Ümumiyyətlə, orada nə vaxtsa olmusunuz?
- Mən Bərdədə olmuşam. Bildiyimə görə, Bərdə Ağdamın qonşuluğundadır. Bərdəyə ötən mövsüm ABN klubu ilə səfər oyunumuz zamanı getmişdik. Ağdamda isə ilk dəfə olacağıq.

- “Qarabağ”la qarşılaşmadan ehtiyatlanırsınız?
- Heç bir kompleks, problem yoxdur. Ağdamda da insanlar yaşayır, hər şey normaldır.

- Elə isə Ağdamda qələbə qazana biləcəksiniz?
- Bunu deyə bilmərəm. Biz qələbə qazanmaq üçün mübarizə aparacağıq. Hər bir rəqib - “Neftçi”, “Xəzər-Lənkəran”, “Qəbələ” ilə oyunlardan da öncə belə demişdim. Heç vaxt heç yerdə demirəm ki, qalib gələcəyik.

- Heyətinizdə itkilər var?
- Var. Hətta belə böyük hesabla qələbə qazandığımız oyundan sonra da itkilər var.

- Latviyalı yarımmüdafiəçiniz Andrey Rubin hələ də zədəlidir?
- Bəli. Bütün futbolçular düşərgədədirlər. Amma elə oyunçular var ki, əsas qrupda çalışmırlar.
0