Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
30.04.2009 - 17:18
Azərbaycan Premyer Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq
Azərbaycan Premyer Liqasının XXIV turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov məlumat verib.

O, bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı olayda həlak olanların xatirəsinin XXIV turun görüşlərindən öncə bir dəqiqəlik sükutla yad ediləcəyini bildirib: “Artıq bununla bağlı əmr imzalanıb və məsələ rəsmiləşib. Bu gün baş verən məlum hadisələrdə faciəvi şəkildə dünyasını dəyişənlərin xatirəsi mütləq yad olunacaq. Bununla bağlı lazımı şəxslərə göstəriş veriləcək. Adətən oyundan öncə hakim-inspektorlar təşkilatı işlərlə bağlı yığıncaq keçirirlər. Burada hakimlərlə yanaşı, hər iki komandanın nümayəndələri, stadionun direktoru iştirak edir. Bir dəqiqəlik sükut haqda stadionun diktoruna məlumat veriləcək və o da oyun başlamamışdan öncə bunu elan edəcək. Meydana çıxanlar da buna əməl edəcək. Ola bilsin ki, komandalar meydana qara sarğı ilə də çıxdı”.

Qeyd edək ki, növbəti turun oyunları mayın 2-də və 3-də keçiriləcək.
0