“Şaxtyor” qapını səhv saldı, “Hamburq” qələbə çaldı
01.05.2009 - 09:39
“Şaxtyor” qapını səhv saldı, “Hamburq” qələbə çaldı
UEFA kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında olduğu kimi, bu yarışın da birinci qarşılaşmalarında komandalar az fərqləniblər. Belə ki, final iddiasında olan 4 komanda cəmi 3 qol vurub.

Bu topların ikisi Ukrayna komandalarının payına düşür. Tarixində ilk dəfə avrokubokların yarımfinalına yüksələn “Şaxtyor” futbolçuları “Dinamo” ilə matçda iki qola imza atıblar. Ancaq Mirça Luçeskunun yetirmələri epizodların birində qapıların yerini səhv salaraq, avtoqolu gerçəkləşdiriblər.

“Dinamo” tarixində üçüncü dəfə avrokubokların finalına çıxmaq üçün səfərdə uğur qazanmalıdır. İndiyədək 5 dəfə yarımfinalda oynamış kiyevlilər bu səddi adladığı hər iki halda (1975-ci və 1986-cı il), kuboku başları üzərinə qaldırıblar.

Almaniya derbisində isə sevinən tərəf “Hamburq” olub. Ölkə kubokunun yarımfinalında penaltilər seriyasında “Verder”ə məğlub olan Martin Yolun komandası daha nüfuzlu UEFA kubokunda bunun əvəzini çıxa bilib. Bununla da, hamburqlular 26 ildən sonra yenidən finalda oynamaq şansı yaxalayıblar. “Hamburq” iki dəfə Çempionlar, iki dəfə Kuboklar, bir dəfə isə UEFA kubokunun həlledici qarşılaşmasında oynayıb.

Tarixində dördüncü dəfə bu turnirin yarımfinalına yüksələn “Verder” isə 1988-ci, 1990-cı və 2007-ci illərdə olduğu kimi, finalın bir addımlığında dayanmamaq üçün səfərdə məğlubiyyətin əvəzini çıxmalıdır.

Xatırladaq ki, cavab matçları mayın 7-də olacaq.

UEFA kuboku
Yarımfinal, ilk oyunlar


“Verder” (Almaniya) – “Hamburq” (Almaniya) 0:1

Troxovski, 28

“Dinamo” (Ukrayna) – “Şaxtyor” (Ukrayna) 1:1
Çiqrinski, 22-öz qapısına – Fernandinyo, 68
0