Hacıyevski üçün “qara” statistika
01.05.2009 - 10:44
Hacıyevski üçün “qara” statistika
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski “Simurq”u məğlub edə bilmir. Apasport.az saytının hesablamalarına görə, makedoniyalı mütəxəssis Zaqatala təmsilçisi ilə hər üç görüşdə qələbə üzünə həsrət qalıb.

Hacıyevski “Bakı”nın baş məşqçi postuna 2007-ci ilin sentyabrında gələrək, “Simurq”la son üç oyuna komandanı çıxarıb. İlk iki görüşün heç-heçə bitdiyini nəzərə alsaq, ötən mövsüm qalib müəyyənləşmədi. İlk dövrədə isə “Simurq” artıq rəqibini Qaxda yox, Zaqatalada yeni istifadəyə verilən stadionunda qəbul etdi və “Bakı”nı tarixində ilk dəfə məğlub etdi.

Elə “Bakı” da “Simurq”u tarixində bir dəfə yenib və bu qələbə Böyükağa Hacıyevin dövrünə təsadüf edir. Hacıyevskiyədək komandanın sükanı arxasında bu mütəxəssis idi və onun vaxtında zaqatalalılar məğlub edilmişdi. Həmin qələbədən isə artıq iki il ötür.
“Bakı” ilə oyunların hamısında Zaqatala klubunun baş məşqçisi Roman Pokora olub. Ukraynalı mütəxəssis “Simurq”un güclülər dəstəsində ilk və hələ ki yeganə çalışdırıcısıdır.

Tarixində ilk dəfə medal qazanmağa şansı olan “Simurq” “Bakı”nı səfərdə də yenəcəyi halda, onunla xallarını bərabərləşdirəcək. Bu zaman şəxsi oyunlara görə üstün durumda olan Pokoranın komandasının mövsümü hətta gümüş medalçı kimi bitirmək şansı yüksək olacaq.

Qeyd edək ki, kubokda yolları kəsişməyən “Bakı” ilə “Simurq” indiyə kimi 5 dəfə görüşüb. Bu oyunlar ya heç-heçə, ya da meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnir. Topların fərqi 5-5-dir.


2006/07 mövsümü
26.11.2006. Qax. “Simurq” – “Bakı” – 0:0
18.05.2007. Bakı. “Bakı” – “Simurq” – 3:2

2007/08 mövsümü
07.10.2007. Bakı. “Bakı” – “Simurq” – 1:1
13.04.2008. Qax. “Simurq” – “Bakı” – 0:0

2008/09 mövsümü
16.11.2008. Zaqatala. “Simurq” – “Bakı” – 2:1
0