Həyatında “Qarabağ”a uduzmayan məşqçi kimdir?
01.05.2009 - 11:03
Həyatında “Qarabağ”a uduzmayan məşqçi kimdir?
Azərbaycan Premyer Liqasının XXIV turunda keçiriləcək “Qarabağ” - “İnter” matçı bu komandaların ölkə çempionatları tarixində 20-ci qarşılaşması olacaq. Apasport.az saytının hesablamalarına görə, Ağdam təmsilçisinin indiyədək cəmi iki dəfə qalib gəldiyi rəqabətdə paytaxt təmsilçisi üç dəfə çox – 6 matçda qalib gəlib. Son ölkə çempionu “İnter” axırıncı dəfə üç il əvvəl ağdamlılara uduzub ki, bu müddətə təsadüf edən 5 oyunda “Qarabağ” cəmi 1 xal qazanıb.

Komandaların qarşılaşmalarında əyalət təmsilçisini meydana 5 mütəxəssis çıxarıbsa, paytaxt futbolçuları üç çalışdırıcısı ilə mübarizə aparıblar. “İnter”in “Qarabağ”a məğlubiyyətlərinin hərəsi ilk iki məşqçisindən birinin hesabındadır. Klubun indiki baş məşqçisi Valentin Xodukin isə heç vaxt ağdamlılara məğlub olmayıb. Bakılıların bu rəqiblə son 5 çempionat görüşündə yetirmələrinə rəhbərlik edən 70 yaşlı mütəxəssis hər dəfə 1 qol görüb, məğlubiyyəti isə heç görməyib. “Qarabağ” üçün məğlubedilməz olan Xodukin Azərbaycan kubokunda da üstün olub. Ötən mövsüm onun yetirmələri iki matçın heç birində rəqibinə uduzmamışdı – 2:2, 1:0.

Yeddi dəfə qarşılaşdığı “Qarabağ”ı daim qələbəyə həsrət qoyan Xodukin rəqib həmkarı Qurban Qurbanovla duellərdə özü uğursuz seriya yaşayır. Belə ki, ukraynalı çalışdırıcı gənc həmkarı ilə 4 oyundan yalnız birincisində qalib gəlib. 37 yaşlı mütəxəssis “Neftçi”də baş məşqçi olduğu vaxt Xodukinin yetirmələrinə əvvəl 0:1 hesabı ilə uduzsa da, sonrakı görüşdə eyni hesabla qalib gəldi. Məşqçilər arasındakı balans növbəti iki matçda da pozulmayıb. Belə ki, Qurbanov “Neftçi”də ikən 0:0, “Qarabağ”da çalışanda isə 1:1 hesablı heç-heçə ilə həm Xodukini qələbəyə həsrət qoyub, həm də özü buna nail olmayıb. Məhz həmin heç-heçə gənc mütəxəssisin “Neftçi”dən ayrılmağına səbəb olmuşdu.

70 və 37 yaşlı mütəxəssislərin görüşü həm də sabiq komanda yoldaşlarının mübarizəsi olacaq. Belə ki, futbolçu karyerasını “İnter”də bitirib futbol funksioneri fəaliyyətini də orada başlayan Qurbanov təcrübəli həmkarı ilə birlikdə Anatoli Konkovun komandasında yer almışdı. Sonuncunun istefasına qədər “Qarabağ”ın baş məşqçisi klubda idman direktoru, Xodukin isə elmi-metodiki qrupun rəhbəri idi.

tarix

oyun

hesab

06.11.2004

“Qarabağ” – “İnter”

3:1

12.04.2005

“İnter” – “Qarabağ”

1:0

30.10.2005

“İnter” – “Qarabağ”

2:0

16.04.2006

“Qarabağ” – “İnter”

1:0

26.11.2006

“Qarabağ” – “İnter”

0:1

18.05.2007

“İnter” – “Qarabağ”

1:0

28.10.2007

“Qarabağ” – “İnter”

0:1

19.04.2008

“İnter” – “Qarabağ”

1:0

15.11.2008

“İnter” – “Qarabağ”

1:1

03.05.2009

“Qarabağ” – “İnter”

 

0