Ponomaryov: Azarkeşlər məni istefaya səsləməkdə haqlı idilər
04.05.2009 - 09:48
Ponomaryov: Azarkeşlər məni istefaya səsləməkdə haqlı idilər
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov onu istefaya səsləyən azarkeşlərinə haqq qazandırıb. Apasport.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis komandası Azərbaycan Premyer Liqasının son turunda evdə “Qəbələ” ilə oyunda (1:2) məğlub duruma düşdükdən sonra yenidən “istefa” sədalarını eşidib.

Görüşdən sonra keçirilən mətbuat konfransında buna münasibətini bildirən Ponomaryov ünvanına söylənilən əvvəlki istefalardan fərqli, bu dəfə lənkəranlı azarkeşlərə qarşı çıxmayıb: “Bu gün komanda oynamadı. Hətta hesabda irəli olmağımıza baxmayaraq, fasilədə daha çox hərəkət etməyi tapşırdım. Amma futbolçular meydanda gəzişməklə kifayətlənirdilər. Bunun səbəbini anlaya bilmirəm. Hamı dilxor olmuşdu. Azarkeşlərimiz istədiyi oyunu görə bilmədi və bu baxımdan onlar haqlı idilər”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” bu məğlubiyyətlə gümüş medal qazanmaq şansını da itirdi, bürünclə, avrokuboklara çıxmaqla bağlı da işini çətinə saldı. İndi Ponomaryovun komandası buna nail olmaq üçün səfərdə “Qarabağ”ı, evdə “Simurq”u məğlub etməlidir. Olimpiya çempionumuz ikinci dövrədən çalışdırdığı “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda mübarizədən 1/4 finalda kənarlaşıb.
0