Qyoko Hacıyevski Azərbaycanda ilk mükafatını qazandı
04.05.2009 - 09:51
Qyoko Hacıyevski Azərbaycanda ilk mükafatını qazandı
Azərbaycan Premyer Liqasının XXIV turu ölkə çempionatının mükafatçılarından ikisini rəsmiləşdirib. Apasport.az saytının hesablamalarına görə, “Bakı” və “İnter” klubları mövsümün sonunda ilk “üçlük”də yerini təmin edib.

Hazırda liderliyi ələ keçirən paytaxtın eyniadlı təmsilçisi hətta bürünc medaldan da “sığortalanıb”. “Bakı” ən pis halda, ikinci yeri tutacaq. Çünki “İnter”dən başqa, heç bir komanda lideri arxada qoya bilməz. Zirvədən altı xal geridə olan “Simurq” bu fərqi aradan qaldırsa belə, şəxsi oyunlardakı nəticələrə əsasən “Bakı” öndə olacaq.

Adıçəkilən üç komandanın mövsümü eyni xalla bitirəcəyi halda da, Qyoko Hacıyevskinin yetirmələri ikinci yerdən aşağı enməyəcək. Azərbaycanda ilk mükafatını rəsmiləşdirən, yalnız bu medalın hansı əyarlı olacağı bilinməyən makedoniyalının komandası isə tarixində dördüncü dəfə ilk “üçlük”də olacaq. Belə ki, bakılılar 1997/98 mövsümündə gümüş, 2005/06-da qızıl, 2006/07-də bürünc medal qazanıb.

Valentin Xodukin və “İnter” üçün isə ötən ilki çempionluqdan sonra bu dəfəki mükafat ikinci olacaq. Lakin “Bakı”dan fərqli, həmşəhərlilərinin medalının əyarı istənilən cür ola bilər. Hazırda ikinci olan, eyni zamanda birinci olmaq şansını saxlayan bakılılar indiki mövqelərini də əldən verə bilər. Lakin “İnter”ə yalnız bir komanda “Simurq” çata bilər. Qızıl şanslarını itirən zaqatalalılar gümüşü düşünməklə yanaşı, bürüncü də qorumağa çalışacaq. Belə ki, bürüncdən artığına ümidi və nəzəri şansları qalmayan “Xəzər-Lənkəran” və “Qarabağ” ən yaxşı halda, “Simurq”u “üçlük”dən kənarlaşdıra bilər.
0