“İnter” klubunun futbolçuları əlbəyaxa döyüşə çıxdılar
04.05.2009 - 09:52
“İnter” klubunun futbolçuları əlbəyaxa döyüşə çıxdılar
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda Ağdamın “Qarabağ” klubu ilə heç-heçə edən Bakının “İnter” komandası çempionluq şanslarını xeyli çətinləşdirib.

Matçdan dərhal sonra Bakıya qayıdan “İnter”in düşərgəsində yumruq davası baş verib. Gecə saat 2 radələrində “Azneft” meydanına çatdıqdan sonra komandanın iki futbolçusu avtobusdan düşərək, əlbəyaxa olublar. Lent.az-ın məlumatına görə, bu haqda hadisənin canlı şahidi olan taksi sürücüsü bildirib.

Şahid baş verən qalmaqalı belə nəql edib: “Mən gecə vaxtı “Azneft” meydanında durub, taksi sürücüsü kimi müştəri gözləyirdim. Bu vaxt gördüm ki, üzərində “İnter” yazılan avtobus yaxınlığımda dayandı. İçəridən iki futbolçu düşdü. Onlar dəniz kənarına doğru avtobusdan bir qədər aralandıqdan sonra əlbəyaxa oldular. “İnter”in oyunlarını izləmədiyim üçün həmin futbolçuların kim olduqlarını deyə bilmərəm. Ancaq yumruq davasına çıxan oyunçular azərbaycanlı deyildi. Biri ucaboy idi, deyəsən, braziliyalı idi. Digərinin isə uzun saçları vardı. Onların arasında əməlli-başlı dava baş verdi. Ucaboy futbolçu uzunsaçlını döydü. Onları komanda yoldaşları çətinliklə araladılar. Bu vaxt hadisə yerinə yol polisləri gəlib çıxdı. Onlar döyəni maşına soxub, aparmaq istəyirdilər. Futbolçu isə dartınır, müqavimət göstərirdi. Ayağını çəkə-çəkə yeriyən məşqçiləri polislərlə xahiş-minnət etdikdən sonra futbolçunu polislərin əlindən ala bildilər”.

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçı 1:1 hesabı ilə başa çatıb.
0