Ronaldo 17-ci tituluna qovuşdu
04.05.2009 - 10:05
Ronaldo 17-ci tituluna qovuşdu
Dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu Ronaldo növbəti çempion titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, uzun fasilədən sonra vətəninə qayıdan 33 yaşlı hücumçu bu mükafata Braziliyada sahib olub.

Karyerası ərzində 16 dəfə çıxış etdiyi komanda ilə qalib adını qazanan Ronaldo bu dəfə çempionluğu “Korintians”ın heyətində bayram edib. “Yekədiş”in komandası Paulista ştatının çempionatının final oyununda “Santos”u üstələyərək birinci olub. Öz meydanında keçirilən cavab oyununda 1:1 hesablı heç-heçəylə kifayətlənən “Korintians” ilk matçdakı qələbə sayəsində çempion olub. Belə ki, Ronaldo və yoldaşları səfərdə 3:1 hesabıyla qalib gəlmişdi.

Ronaldo indiyədək “Kruzeyro”da Braziliya kuboku (1993), Mineyra çempionu (1994), PSV-də Hollandiya kuboku (1996), “Barselona”da İspaniya Superkuboku (1996), Kuboklar Kuboku (1997), İspaniya kuboku (1997), “İnter”də UEFA kuboku (1998), “Real”da İspaniya çempionu (2003 və 2007), Qitələrarası kubok (2002), İspaniya Superkuboku (2003), milli komandada dünya çempionu (1994 və 2002), Amerika kuboku (1997 və 1999), Konfederasiyalar kuboku (1997) qazanıb.
0