Rəşad Sadıqovun üçüncü penaltisinə “üç” verdilər
04.05.2009 - 10:26
Rəşad Sadıqovun üçüncü penaltisinə “üç” verdilər
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyə Superliqasında növbəti uğursuz oyununu keçirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi çıxış etdiyi “Kocaelispor”un “Konyaspor”la səfər qarşılaşmasında meydanda ən pis təsir bağışlayanlardan biri olub.

Türk mətbuatı konyalıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə meydana çıxan 28 futbolçudan heç birinin Rəşaddan zəif olmadığını düşünür. Belə ki, həmkarlarımızın oyun üçün qiymətləndirməsində Sadıqov və daha 6 komanda yoldaşı ən aşağı qiymətə - “3”ə layiq görülüb. Kocaelispor“un digər futbolçuları 4-5, rəqib oyunçuları isə daha yüksək qiymət alıb. Mərkəz müdafiəçimizin belə qiymətləndirilməsində onun mövsümdə üçüncü dəfə penalti, ikinci dəfə sarı vərəqə “qazanması” səbəb olub.

Qeyd edək ki, ilk sarı vərəqəsini “Kocaelispor”dakı “Hacettepe” (4:0) ilə debüt oyununda alan müdafiəçi “Kayserispor” (1:2) və “Beşiktaş”la (1:3) oyunlarda komandası hesabda 1:0 öndə olarkən əllə oyuna görə penaltiyə səbəb olmuşdu.
0