“Qarabağ”la “Turan”ı birləşdirən nədir?
04.05.2009 - 11:46
“Qarabağ”la “Turan”ı birləşdirən nədir?
Ağdamın “Qarabağ” klubu Azərbaycan Premyer Liqasında ardıcıl ikinci mövsüm çempionluğun taleyini həll edir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm son turda “Şəfa” stadionunda “Olimpik”i yenən (1:0) ağdamlılar Bakının “İnter” klubuna həyat verərək, ona tarixində ilk dəfə çempion olmağa imkan yaratdı.

Ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda məhz həmin görüşdən sonra “Şəfa”da “Qəbələ” üzərində qazandığı böyük hesablı qələbə (4:0) sayəsində qızıl medala qovuşdu. İndi isə tarix “İnter”in əleyhinə təkrarlandı. “Qarabağ” bu dəfə “Bakı”ya həyat verərək, son çempiona “badalaq vurdu”.

Hərçənd, Ağdam təmsilçisinə avrokuboklara çıxmaq üçün “İnter”in çempion olması sərf edirdi. Məsələ ondadır ki, “Qarabağ”ın ilk yarımfinal oyununda səfərdə “Bakı”nı 2:1 hesabı ilə məğlub etdikdən sonra finala çıxmaq şansı yüksəkdir. “İnter” isə “Şəfa”da “Qəbələ”ni darmadağın etdikdən sonra (5:0) cavab görüşünü formallığa çevirib və finalda oynayacağı heç kimdə şübhə doğurmur. Qaydalara görə isə ölkə çempionu kuboka da sahib çıxarsa, UEFA kubokuna vəsiqəni finalçı qazanır. Yəni, “İnter” çempion olanda “Qarabağ” istənilən halda avrokuboklara çıxacaqdı.

Ancaq Ağdam təmsilçisi təmiz adını qoruyaraq, idman prinsiplərini üstün tutduğunu nümayiş etdirdi. Özü də bütün bunlar Ağdamda 16 illik, 5835 günlük fasilədən sonra keçirilən oyunda baş verdi.

“İnter” üçün mövsümü titulla bitirmək vacibdir və çempionluq qazanılmasa, heç olmasa ölkə kubokuna sahib çıxmağa iddialı olacaq. Təbii ki, Xodukinin komandası “Qarabağ”ı məğlub etmək və Premyer Liqadakı nəticənin əvəzini çıxmaq üçün alışıb yanacaq.

Ağdamlılar hətta finalda uduzsa belə, qitə miqyaslı turnirə çıxmaq şansını saxlayacaq. Belə ki, “İnter” mövsümü gümüş mükafatçı və ölkə kubokunun sahibi kimi başa vurarsa, 4-cü yeri tutan komanda da UEFA kubokuna vəsiqə qazanacaq. 5-ci pillədə gedən “Qarabağ” növbəti turda Ağdamda “Xəzər-Lənkəran”ı yenərsə, 4-cü pilləni rəqibinin əlindən alacaq və artıq hər şey öz əlində olacaq.

Beləliklə, son iki tur qalmış “Bakı” “İnter”i 1 xal qabaqlayır və hər şey komandanın öz əlindədir. Qızıl medal qazanmaq üçün səfərdə “Turan”ı, evdə “Muğan”ı məğlub etmək lazımdır. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan hər iki əyalət klubu bu vəzifəni yerinə yetirməsi hələ rəsmiləşməsə də, reallaşmaq şansı yüksəkdir.

Elə “Turan” son turda “Bakı” ilə görüşdə 1 xal qazanarsa, sona tur qalmış bunu rəsmiləşdirəcək. “Bakılı”nın son turda MOİK-i məğlub etməsindən sonra intriqa qaldı və göründüyü kimi, “Turan”a xal lazımdır. Hər halda, Tovuz təmsilçisi də “Qarabağ” indiyə kimi təmiz futbolun tərəfdarı olduğunu, idman prinsiplərini hər şeydən üstün tutduğunu bir neçə dəfə nümayiş etdirib.

Sözsüz ki, bunun ən bariz nümunəsi 2005/06 mövsümünə təsadüf edir. Həmin vaxt da lider son iki oyunu qalmış Tovuza yollandı və məhz oradakı görüşdə çempionluğun taleyi həll olundu. Belə ki, Yevlaxın “Karvan” klubu “Turan”la səfər oyununda qolsuz heç-heçə etməklə, gözlənilənlərin əksinə vacib iki xal itirdi. Bununla da Yunis Hüseynovun çalışdırdığı komanda çempionluq yolunda böyük zərbə aldı və 2-ci pillədə qalaraq, gümüş medalla kifayətlənməli oldu. Həmin mövsümdə isə çempionluğu “Bakı” qazandı. Böyükağa Hacıyev son 8 tur qalmış Əsgər Abdullayevi baş məşqçi postunda əvəzləməklə, komandanı zirvəyə daşıdı. 8 oyunda qol buraxmadan ardıcıl qələbə qazanan “Bakı”nın hələ ki yeganə çempionluğu həmin mövsümə təsadüf edir.
0