Valentin Xodukin: Bəziləri çempion olmağımızı istəmirdilər - MÜSAHİBƏ
04.05.2009 - 14:30
Valentin Xodukin: Bəziləri çempion olmağımızı istəmirdilər - MÜSAHİBƏ
Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukinin apasport.az saytına müsahibəsi

- Son dəfə sizdən əhval-ruhiyyənizin necə olduğunu soruşanda, bu suala mayın 3-dən sonra cavab verə biləcəyinizi söyləmişdiniz. “Qarabağ”la Ağdamdakı görüş artıq tarixdə qaldı və vacib iki xal itirməklə, çempionluq yolunda böyük zərbə aldınız. İndi nə deyə bilərsiniz?
- Nə deyim? Ağdama qələbə üçün yollansaq da, buna nail olmadıq. “Qarabağ”ın müdafiəsini yara bilmədik. Rəqib açıq-aşkar hesabı qorumağa çalışırdı. Belə oyunda üstünlük əldə etməli və eyni zamanda, səhvə yol verməməli idik. Prinsipcə, üstünlük qazansaq da, rəqib buraxdığımız səhvdən dərhal yararlandı. Adətən futbolda belə olur. Meydan sahiblərinin ilk hissədə ilk hücumu qolla nəticələndi. Bundan sonra qarşımızda duran vəzifəni yerinə yetirmək ikiqat çətinləşdi. Hücuma üstünlük vermək məqsədilə əvəzləmələr etdim və rəqib qapısında daha çox təhlükə yaratmağa çalışdıq. Həmin gün bizim günümüz deyildi və top heç cür “Qarabağ”ın qapısından keçmirdi. Rəqib qapıçı Fərhad Vəliyev bir neçə dəfə yaxşı oynadı. Sonda belə alındı ki, biz qələbə qazanmadıq.

- Matçın Ağdamda keçirilməsi, ab-hava nəticəyə təsir göstərdi?
- İndi bunu müzakirə etməyin nə mənası var ki? Onunla razıyam ki, Ağdam torpağının əhalisi, azarkeşləri son Azərbaycan çempionunu canlı olaraq gördü. Görüşdən öncə Azərbaycanın himni çalındı və mən də daxil olmaqla, hamı ayaq üstə dayanmışdı. “İnter”in oyununda belə ab-havanı görmək xoş idi. Yalnız buna görə Ağdama getməyə dəyərdi.

- Ağdamda ilk dəfə oldunuz. Orada sizə qarşı münasibət necə idi? Qarşılaşmadan sonra hər hansı problemlə üzləşmədiniz?
- Doğrudur, ilk dəfə Ağdamda oldum və bizə göstərilən münasibətdən narazı qalmadım. Şəxsən mənim və komandamın heç bir problemi yox idi.

- Bəs başqalarının?
- Sadəcə, stadionda yer az idi, gələnlər isə çox. Belə arena çoxlu azarkeşin izləyəcəyi rəsmi oyunları qəbul etməyə hazır deyil. Təhlükəsizlik tədbirləri lazımı səviyyədə deyildi. Stadion nə qədər tuturdusa, bundan iki dəfə çox azarkeş gəlmişdi. Buna görə də polislər üçün stadiona gələnləri idarə etmək çətin idi. Orada istənilən toqquşma pis fəsad verə bilərdi.

- “Bakı”nın sona iki tur qalmış komandanızı 1 xal qabaqladığını nəzərə alsaq, artıq hər şey sizin əlinizdə deyil. Onu da yaxşı bilirik ki, proqnoz verməyi xoşlamırsınız. Hər halda...
- Daha heç nə dəyişməyəcək. Üstəlik, əgər indiyə kimi belə idisə, bundan sonra da belə olacaq.

- Nəyi nəzərdə tutursunuz?
- Əgər indiyədək belə idisə, bundan sonra hər şey ümumiyyətlə, lüks olacaq, vəssalam.

- Belə çıxır ki, çempionluğun artıq əldən getməsi ilə barışmısınız?
- Prinsipcə, bəli.

- Rəqibi çempionluq münasibətilə təbrik etməyə hazırsınızmı?
- Mən ümumiyyətlə, heç kimi təbrik etməyə hazırlaşmıram.

- Belə hesab edirsiniz ki, çempionluğa daha çox siz layiq idiniz?
- Bu haqda danışmaq istəmirəm. Qoy mütəxəssislər oyunun səviyyəsini, başqa şeyləri müzakirə etsinlər. Qalan şeylər artıq emosiyalardır.

- “Turan”a Premyer Liqada qalmasını rəsmiləşdirmək üçün “Bakı” ilə matçda xal qazanmaq lazımdır. Sizcə, Tovuz təmsilçisi öz meydanında “Qarabağ” ola bilərmi?
- Xeyr, ola bilməz.

- Niyə?
- Ola bilməz də...

- Buna nail olmağa gücü yoxdur, yoxsa?
- Biz Tovuzda “Turan”la oynayanda, tribunadakı azarkeşlər “Bakı” çempion” şüarı səsləndirirdilər. Bundan sonra nədən danışmaq olar? Bu, hələ martda olmuşdu və həmin vaxta hesab 1:0 bizim xeyrimizə olan zamanı stadionda “Bakı” çempion” səsləri eşidilirdi. Siz daha məndən nə eşitmək istəyirsiniz?

- Hər halda, futbolda hər şey ola bilər. “Turan” elə siz “İnter”i çalışdırdığınız zaman lideri büdrətməklə öz sözünü deyib...
- Allah eləsin, belə də olsun. Bu gün mənim əhval-ruhiyyəm belədir və belə də müzakirə edirəm.

- Oyundan sonra Bakıya qayıtdığınız zamanı komandada hər şey qaydasında idi?
- Bizdə nə ola bilər ki?

- Futbolçularınız Bakıya gələndə əlbəyaxa olmayıblar?
- İndi bizim üzərimizə hansı ləkəni desən yaxmaq olar. Peşəkar, yaşı 30-u keçən futbolçularımız hər bir oyundan sonra emosiyalarını çıxartmalıdırlar ki? Kim belə informasiya verir? Belə şey ola bilməz.

- Deyilənə görə, dalaşan iki futbolçudan biri uzun saç, bir də da ucaboyludur və hadisəyə polis də müdaxilə etməli olub. Sadəcə, hadisənin şahidi futbolçularınızı tanımır. Sizdə uzun saç uruqvaylı hücumçu Valter Quqlemondur...
- Siz nə danışırsınız? Valter Azərbaycan Premyer Liqasında bombardirlər yarışında liderdir. O, komandanın da liderlərindədir. Quqlemonun “Qarabağ”la oyunda meydanda necə can qoyduğunun gördünüz. Bundan sonra nədən danışmaq olar? Bunlar boş-boş şeylərdir. Əlbəttə ki, əgər belə bir şey olsaydı, mənim mütləq bundan xəbərim olardı.

- Qarşıda “Qəbələ” ilə ölkə kubokunda cavab matçı var. Səfərə nə vaxt çıxacaqsınız?
- Sabah.

- Hər halda, ruhdan düşməyib, mübariz olmalısınız. Bəlkə hər şey heç də sizin fikirləşdiyiniz kimi olmayacaq?
- (gülür). Bu, futboldur, niyə məyus olmalıyıq ki?

- Artıq indidən demək olar ki, ölkə kubokunun finalına vəsiqə qazanmısınız. Həlledici matçda “Qarabağ”la görüşsəniz, bunun əvəzini çıxa bilərsiniz...
- Prinsipcə, niyə görə bunu etməliyik? Onlar öz işlərini gördülər, iş başında idilər. Nə üçün “Qarabağ”dan qisas almalıyıq ki? Prinsipcə, özümüzə irad bildirməliyik. “Qarabağ”ın məsələyə nə dəxli var?

- Hər halda, futbolda “Qarabağ” nümunəsi hamıya şamil olunmalıdır. Xatırlayırsınızsa, ötən mövsüm son turda məhz bu komanda “Olimpik”ə məğlub etməklə, sizin çempion olmağınıza imkan yaratdı...
- Həmin oyunda ayrı-ayrı futbolçular sübut etdi ki, onlar normal insanlardır.

- Məgər qalanlar bunu sübut etmədi?
- Fikrimcə, heç də hamısı bizim çempion olmağımızı istəmirdi. Həmin oyunda komandanın yarısı mübarizə aparırdı, yarısı isə yox. Çünki mən həmin görüşdə idim, 30 dəqiqə baxdım və çıxıb getdim.

- Bəs bu dəfə?
- Bu dəfə komanda vahid bir şəkildə idi və sona qədər mübarizə aparırdı.

- İstənilən halda, mövsümü major notda bitirməlisiniz...
- Buna çalışacağıq. Baxaq, görək necə olacaq.

- Düzdür, çempionluq titulunu qorumaq yaxşı olardı. Ancaq bu, olmasa belə, mövsümü uğurlu saymaq olar?
- Sözsüz ki, hər dəfə istədiyinə nail ola bilmirsən. Belə bir məsələ var ki, bal necədirsə, qaşıq da elə olur. Ağır mövsümümüz oldu. Ötən yay Çempionlar Liqasında, qışda isə “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” çıxış etdiyimizi, çətin sınaqlarımızın olduğunu nəzərə alsaq, mövsümün sonunda çempionluq, yüksək yerlər uğrunda mübarizə aparmağımız, komandanın çətinliklərə tab gətirməsi yaxşı haldır. Bəli, çatışmazlıqlarımız da oldu və mən bunu görürəm, bilirəm. İmkan yaransa, bunu aradan qaldırıb, irəli gedərik.

- Sizcə, belə imkan olacaq? Yəni necə hesab edirsiniz, klub rəhbərliyi sizə yeni mövsümdə də etimad göstərəcək?
- Bilmirəm.

- Hər halda, siz qalmaq istəyərsiniz...
- Bu, futboldur.

- Maraqlıdır ki, “Birlik kuboku” son illərdə komandalarımız üçün arzuolunmaz turnirə çevrilib. Yəni, 2006-cı ildən bu yana həmin turnirdə çıxış edən klub ikinci dövrədə uğursuzluğa düçar olur və çempion ola bilmir...
- Elə mən də bunu nəzərdə tuturam. Hər halda, biz istisna təşkil etdik. O, mənada ki mövsümü boşa vermədik və kubokun finalındayıq, çempionluq uğrunda mübarizə aparırdıq. Uzun müddət turnir cədvəlində lider olduq. Deməli, məşqçilər korpusu, kollektiv, komanda cari mövsümdə işini layiqli gördü.
0