“Xəzər-Lənkəran” rəhbərliyindən futbolçularına həbs cəzası
04.05.2009 - 15:17
“Xəzər-Lənkəran” rəhbərliyindən futbolçularına həbs cəzası
Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ”yə 1:2 hesablı məğlubiyyət “Xəzər-Lənkəran” klubu rəsmilərini qəzəbləndirib. Komanda rəsmiləri Lənkəran şəhər stadionunda baş tutan oyundan sonra futbolçulara istirahət verməyib. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a “Xəzər-Lənkəran”da çıxış edən və adının çəkilməsini istəməyən oyunçulardan biri deyib.

Onun sözlərinə görə, adətən oyundan sonra Bakı və Sumqayıtda yaşayan futbolçulara ailələrinə baş çəkmək üçün bir günlük icazə verən rəhbərlik bu dəfə radikal addım atıb. Matçdan dərhal sonra oyunçular yenicə istifadəyə verilən bazaya salınaraq, heç yerə buraxılmayıblar. “Xəzər-Lənkəran” Premyer Liqanın son iki turunda “Qarabağ”la Ağdamda, “Simurq”la isə öz meydançasında keçirəcəyi oyunlara ciddi rejimdə hazırlaşacaq.

Məlumatı klubun mətbuat katibi də təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan kubokunda mübarizəni ¼ finalda dayandıran “Xəzər-Lənkəran” Premyer Liqada qızıl və gümüş medallardan da məhrum olub. Baş məşqçi İqor Ponomaryovun komandası öz imkanları hesabına bürünc medalı təmin etmək üçün qarşıdakı turlarda “Qarabağ” və “Simurq”u yenməlidir. Əks halda, “Xəzər-Lənkəran” ümidini bu komandaların xal itirməsinə bağlamalı olacaq.
0